Azərbaycanda yeni bağçalar nə vaxt tikiləcək? - Nazirlikdən AÇIQLAMA
“Azərbaycanda 1825 uşaq bağçası var. Bu, o deməkdir ki, 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur. Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib”.
Bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda keçirilən konfransda deyib.
Maraqlıdır, qeyd olunan problemin aradan qaldırılması üçün yeni bağçalar tikiləcəkmi?
Sorğumuza cavab olaraq Elm və Təhsil Nazirliyindən Redaktor.az-a bildirildi ki, qurum tərəfindən hazırki durum araşdırılır.
“Cari ildən etibarən Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqlər təşkil edilir, hazırki vəziyyətlə bağlı müvafiq araşdırmalar aparılır. Yaxın gələcəkdə məktəbəqədər təhsil müəssisələrinin tikintisi prioritetlik dərəcəsinə uyğun olaraq Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən müvafiq dövlət proqramları çərçivəsində həyata keçiriləcək”,- deyə məlumatda qeyd edilib.
Nərmin VÜQARQIZI












