"Bəzi universitetlərdə tələbələri məqsədli şəkildə imtahanda kəsirlər" - Ceyhun Məmmədov
Bu gün Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirib ki, tələbələrin kəsirə görə pul ödəməsi rüşvətdir.
“Kəsir pulu rüşvətin digər formasıdır. Demək ki, bir tələbənin kəsiri varsa, gətirib universitetə pul verməlidir. Bununla deyə bilərik ki, kəsir pulu ilə rüşvət leqallaşdırılır”,- deyə o bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu məsələdə bir neçə məqam var:
“Mən öz təcrübəmdən deyə bilərəm ki, Azərbaycan İlahiyyat Universitetində təhsil tamamilə ödənişsiz idi. Tələbə kəsildiyi zaman hər hansı bir ödəniş ödəmirdi. Bəli, bu gün bizim universitetlərimizdə belə bir məsələ var. Əgər tələbənin kəsiri varsa, vəsait ödəməlidir. Burada da məsələnin mahiyyəti ondan ibarətdir ki, bəzi universitetlər tələbələri məqsədli şəkildə kəsirlər. Yəni hər kəsir hər fəndən əlavə ödəniş deməkdir. Bu kimi hallara son qoyulmalıdır. Məsələ bundadır, heç ödəniş olmayanda tələbə bilir ki, neçə dəfə kəsilsə gəlib təkrar imtahan verəcək . Tələbə heç bir baryer hiss etmir. Amma ödənişli olanda tələbə çalışır ki, onun kəsiri olmasın. Belə hallarda ən önəmli vacib məsələlərdən biri ondan ibarətdir ki, bu kəsirlər subyektiv və əlavə vəsait əldə etmək üçün olmamalıdır. Bu baxımdan belə hallar yaxşı sayılmır.”
Millət vəkili onu da qeyd etdi ki, universitet rəhbərliyi tələbələrin vəziyyətini və imkanını da nəzərə almalıdır:
“Çünki valideyn həm təhsil haqqı verir, həm də bəzən tələbənin digər məişət xərclərini ödəyir. Belə nüansları nəzərə alaraq bu məsələyə həssaslıqla diqqət yetirilməlidir. Burada da universitetlər, mərkəzi icra hakimiyyətləri, Elm və Təhsil Nazirliyi müvafiq araşdırma aparmalıdırlar. Ondan sonra müəyyən qərarlar qəbul edilə bilər. Amma obyektiv əsas olmadan tələbələrdən pul almaq məqsədi ilə kəsrlərin artırılması məsələsi narahatlıq doğurmalıdır. Bu yol verilməzdir və qəbul edilməzdir. Ali məktəblər kəsir məsələsinə əlavə vəsaitin daxil olması kimi baxmamalıdır.”
Həmidə İbrahimova












