"Müəllimlər öz maddi maraqlarına görə direktoru yoldan çıxarırlar" - Təhsil eksperti

 17:28 24.11.2022     2684

Xəbər verdiyimiz kimi, rüşvətlə bağlı səs yazısı yayılan Bakı şəhəri 45 nömrəli tam orta məktəbin keçmiş direktoru Nəcibə Axundova 34 nömrəli tam orta məktəbə direktor təyin edilib. Bəs adı rüşvətlə hallanan direktorun başqa bir məktəbə direktor təyin olunması nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu gün ölkədə bir sıra məktəb direktorlarının fəaliyyətində nöqsanlar var.

Onun sözlərinə görə, çox təəssüf ki, bu, Azərbaycan təhsil sistemində uzun müddət ən ciddi problem olaraq qalır:

“Təbii ki, xoş hal deyil. Amma bir neçə məqamı xüsusən mütləq şəkildə qeyd etmək lazımdır. Məsələn, Nəcibə xanım 45 nömrəli məktəbə rəhbərlik etdiyi dövrdə o məktəbin təlim-tədris göstəricilərinin əvvəlki illərlə müqayisəsinə baxanda biz görürük ki, məktəb istər Bakı şəhəri üzrə, istərsə də ölkə üzrə reytinqdə çox ciddi şəkildə irəliləmişdir. Misal üçün 9-cu və 11-ci sinif buraxılış imtahanlarının nəticələrində 45 nömrəli məktəbin nəticələri Nəcibə xanımın dövründə çox ciddi irəli getmişdir. Hətta Bakıda ən çox irəli gedən məktəblər sırasında idi. Yaxud da 45 nömrəli məktəbin məzunlarının nəticələri Nəcibə xanımın direktor olduğu dövrdə qəbul imtahanında əvvəlki illərə müqayisədə 600 baldan yuxarı idi. Olimpiyada nəticələri, rəqəmsal bacarıqlar, sistem bacarıqları Nəcibə xanımın dövründə yaxşı idi. Təbii ki, məsələyə ikitərəfli baxmaq lazımdır. Bu günləri neqativə yol açan məsələnin başında müəllimlər gəlirlər. Müəllimlər bir sıra hallarda dərs bölgülərinin artıq olması ilə bağlı direktoru şirnikləşdirirlər. Yaxud da şagird məktəbə gəlməsin, onun qiymət yazılsın, ya da icazə verilsin. Bu tipli məsələlərdə bir çox hallarda müəllimlər öz maddi maraqlarına görə direktoru yoldan çıxarırlar. Mən qeyd edim ki, Nəcibə xanım işində uğurları ilə yanaşı bu nöqsana yol verib və hesab edirəm ki, burada nazirlik humanizm göstərib ona şans verib. Təbii ki, təhsil müəssisəsi elə bir yerdi ki, maksimum orada şəffaflıq, ədalətlilik qorunmalıdır. İnanıram ki, Nəcibə xanım ona verilmiş bu şansı dəyərləndirəcək, çünki direktor kimi nümunəvi direktor idi. Təbii ki, əsassız pul tələbləri xoş hal deyil. Hesab edirəm ki, bu ümumi təhsilin imici üçün nöqsan hesab edilə bilər.”

Ekspertin fikrincə, burada bir nəfəri günahlandırmaq olmaz:

“Əgər bu hallar var idisə, Elm və Təhsil Nazirliyi niyə göz yumurdu? Biz bəzən məsələyə, problemə köklənirik, amma problemin səbəblərinə, buna qədərki prosesə baxmırıq. Məsələn, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eyni zamanda Elm və Təhsil Nazirliyi niyə bu məsələyə laqeyd yanaşırdı? Çox maraqlıdır. Başqa bir direktor bu halla üzləşsə idi, ona necə reaksiya verilərdi? Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyi bir çox hallarda öz maddi maraqlarına görə qərar qəbul edə bilir. Bir daha qeyd edirəm ki, məktəbin təlim göstəriciləri Nəcibə xanımın dövründə yaxşı idi. Bu yaxşı haldır, amma neqativ də var idi. Amma mənə görə, Elm və Təhsil Nazirliyi birmənalı şəkildə ikili standartlar tətbiq edib. Mən inanıram ki, Nəcibə xanım ona yaradılmış şansı dəyərləndirəcək və bu tip halla bir daha yaşanmıyacaqdır. Çünki onun təhsil bilgiləri, tədris keyfiyyətinin artırılması ilə bağlı bacarıqları nümunəvi bir məktəb yaratmağa imkan verəcək. İnanıram ki, biz bu tip məsələləri bir daha görməyəcəyik”.

Həmidə İbrahimova