"Azərbaycanda professorlar var ki, elmi məqalə yaza bilmirlər” – Kamran Əsədov

 17:36 28.11.2022     4245

"Ali təhsil müəssisələrimiz o qədər akademik biliklər vermirlər".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevin "İngilis dilini bilməyən bir şəxs, müasir elmlə necə məşğul ola, keyfiyyətli nəticə əldə edə bilər?" fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, nazirin sözlərində iki yanaşma var:

"Emin müəllimin bu fikri ilə həm razıyam, həm də bizim ali təhsil müəssisələrimiz o qədər akademik biliklər vermirlər. Bu, fərdi nailiyyətdir. Bu gün ali təhsil müəssisələrinin bakalavr, magistratura, doktorantura pilləsində ingilis dili bir semestr ərzində ümumi "beginner" və yaxud  "intermediate" səviyyəsində keçirilir. Təbii ki, bir çox alimlər mütləq şəkildə öz ixtisasları ilə bağlı, dünyada gedən elmi-texniki tərəqqi, yenilik, tədqiqatları bilməkdən ötürü mütləq xarici dili bilməlidir. Əvvəllər biz sovetlər dönəmində idik və bizə rus dili lazım idi. Çünki tədqiqatlar ancaq postsovet ölkələri arasında idi. İndi isə baxırıq ki, misal üçün Sinqapurda, Malaziyada, İsraildə, Cənubi Koreyada ciddi elmi-tərəqqi baş verir. Mən hələ böyük ölkələri kənara qoyuram. Biz bunu bilməliyik. Ona görə bundan məlumatlı olmaqdan ötürü mütləq şəkildə xarici dili bilməliyik. Bununla razıyam”.

Ekspertin sözlərinə görə, Azərbaycanda bu gün professorlar var ki, elmi məqalə yaza bilmirlər.

“Həmin alimlər, tədqiqatçılar özləri fərdi qaydada, öz vəsaitləri hesabına dili öyrənəcksə, onda biz Elm və Təhsil Nazirliyinin bu prosesdə birmənalı şəkildə rolunu görə bilmirik. Mən inanıram ki, dövlət gənc alimlərin, tədqiqatçıların ingilis dilini öyrənməkləri üçün stimul yaradacaq, onlar üçün kurslar təşkil edəcək. Hətta Azərbaycanda bu gün elmi dərəcəsi olan elmlər doktoru, professoru var ki, elmi məqalə yaza bilmirlər. Onlar beynəlxalq jurnalların tələblərinə cavab verən normal məqalə belə yaza bilmirlər. Baxmayaraq ki, bunlar elmlər doktoru, professorlardır. Bəli Azərbaycanda elmi-tədqiqatlarla bağlı, alimlərin işi ilə bağlı problemlərimiz mövcuddur. Amma bu problemlərin aradan qaldırılmasında Elm və Təhsil Nazirliyinin təəssüf ki, rolunu görə bilmirik”, - deyə K.Əsədov bildirdi.

Həmidə İbrahimova