"Bir insan rüşvət alıbsa, ikinci dəfə də alacaq" - İctimai Şura sədrindən qalmaqallı direktor təyinatına ETİRAZ

 17:42 24.11.2022     839

Xəbər verdiyimiz kimi, rüşvətlə bağlı səs yazısı yayılan Bakı şəhəri 45 nömrəli tam orta məktəbin keçmiş direktoru Nəcibə Axundova 34 nömrəli tam orta məktəbə direktor təyin edilib. Adı rüşvətdə hallanan şəxsin yeni bir məktəbə direktor təyin ediliməsi isə cəmiyyətdə etirazla qarşılanıb. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, hüquqşünas Günel Səfərova bildirdi ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərib.

“Mən onun sorğusunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərmişəm ki, belə bir narahatlıq var, bunun hüquqi tərəfinin bizim üçün açıqlanmağını istəyirəm. Amma əlbəttə ki, biz İctimai Şura olaraq və özümüz də ictimai fəal olaraq belə halların olmasına neqativ yanaşırıq. Əgər bir məktəbdə rüşvətlə bağlı konkret fakt varsa, bu o deməkdir ki, həmin insan işdən uzaqlaşdırılmalıdır. Əgər yox işdən uzaqlaşdırılmayıb hansısa məktəbə təyin olunursa, bu doğru qərar deyil. Öz mövqeyim ümumiyyətlə neqativdir. Bir insan rüşvət alıbsa, ikinci dəfə də alacaq. Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumatı alandan sonra kiçik bir post yazacam ki, məsələ nədən ibarətdir”, - deyə Şura sədri qeyd etdi.

Xatırladaq ki, bir müddət əvvəl N.Axundovanın rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı. Ötən ay BŞTİ açıqlama yayaraq bildirib ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Həmidə İbrahimova