Nazirdən dərs yükünün ağırlığı ilə bağlı yeni AÇIQLAMA

 12:46 28.11.2022     542

İbtidai sinif şagirdlərinin valideynləri tərəfindən istər sosial şəbəkələrdə, istərsə də redaksiyamıza gələn şikayətlərdə məktəblilərin dərs yükünün ağır olmasından gileylənirlər.

Bəzi fənlərin ibtidai sinifdən tədris olunması uşaqları əlavə yükləyir və dərs sayını artırır. Məsələn, ibtidai sinif şagirdlərinə informatika, texnologiya kimi fənlər keçirilir ki, bu da dərs yükünün daha da ağırlaşmasına səbəb olur. Bu isə öz növbəsində uşaqların sağlamlığına mənfi təsir edir. Təbii ki, bütün bunlar cəmiyyətdə narahatlıqla qarşılanır.

Bəs, ibtidai siniflərdə fənlərin sayının çox olması, qeyd etdiyimiz fənlərin keçirilməsi nə dərəcədə əhəmiyyətlidir?

Redaktor.az-ın sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev bildirdi ki, dərs yükü ilə bağlı məsələlər dəfələrlə müzakirə olunub.

“Burada önəmli olan məzmunu çatdırmaqdır. Yəni sinifdə müəllimin bu mövzuları şagirdə necə aşılaması çox vacibdir. Hansı fənni tədrisdən çıxarmaq olar ki? Təbii ki, müəyyən mənada fənlərin sayının çox olması ilə bağlı bir balaca başa düşməliyik ki, yavaş-yavaş inteqrativ təlimə keçidlə bu problemi aradan qaldırmaq mümkün olacaq. Onu da qeyd edim ki, bu istiqamətdə addımlar atılır. Məsələn, STEAM təhsilə keçid etmişik. Bununla da, şagirdlərin rəqəmsal bacarıqları inkişaf etdirilir”, - deyə nazir vurğuladı.

Onun sözlərinə görə, müəllimlər əməkdaşlıq edərək şagirdin ünsiyyət səriştəsini artırmalıdır.

“Ona görə ki, sabah uşaq məktəbi bitirdikdən sonra ünsiyyət qura bilsin. Çox vaxt cəmiyyətdə fikirlər səsləndirilir ki, əzbərləmək, əvvəlcədən yazılmış suallara cavab vermək müasir təhsil hesab edilmir. Əgər məndən bunu soruşursunuzsa, deyə bilərəm ki, biz bunun üçün çalışırıq. Qiymətləndirməni, qəbul imtahanlarının strukturunu dəyişdirmədən problemləri aradan qaldıra bilməyəcəyik”, - deyə Emin Əmrullayev əlavə etdi.

Nərmin VÜQARQIZI