"Müəllimlərin hər birinə vahid vəzifə maaşı verilməlidir" - Təhsil eksperti
Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi sonuncu brifinqdə müəllimlərin dərs saatları və maaşları ilə bağlı açıqlama verib.
"Müəllimlərin həftəlik dərs yükü normallaşmalıdır ki, onların maaşı artsın. Müqayisə üçün deyə bilərəm ki, 273 müəllimin həftədəki dərs yükü 6 saatdan azdır. Çox az sayda belə müəllimimiz var. Bu müəllimlərin əmək haqqı təbii ki, sertifikasiyadan keçməyibsə 131 manat, keçib, amma yüksək bal toplamayıbsa 144 manat, əgər 35 faiz əlavə alırsa, 177 manatdır. Müəllimin saatı aşağı olanda maaşı aşağı olur", - deyə Emin Əmrullayev bildirib.
Bəs, əslində orta məktəblərdə müəllimlərin dərs yükü neçə saat olmalıdır? 131-177 manat maaş alan müəllim necə dolana bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin dərs saatları, onların 2014-2018-ci illərdə iştirak etdikləri diaqnostik imtahan nəticələri, eyni zamanda işə qəbul zamanı topladıqları MİQ balına əsasən bölüşdürülür. Onun sözlərinə görə, orta ümumtəhsil məktəblərində bir dərs yükü 18 saatdır:
"Müəllim maksimum iki dərs yükü, yəni həftə ərzində 36 saat dərs deyə bilər. Bu o demək deyil ki, bütün müəllimlərə 18 saat dərs verilməlidir.
Bu gün bizim 4432 orta ümumtəhsil məktəbində 152 min müəllim var və onlar 83 min sinifdə dərs deyirlər. Biz bunu böləndə görərik ki, 6 saat o müəllimlər dərs deyir ki, onların diplomları dövlət nümunəli deyil. Yəni Təhsil Nazirliyinin 2018-ci il qərarı ilə diplomlarının həqiqiliyi təsdiq olunmayan, amma müəllim kimi çalışan şəxslər, yəni saxta diplom hesab etdiyimiz şəxsləri sistemdən çıxarda bilmirik. Onlar 6 saata qədər dərs deyirlər. Bu, qanunvericiliyin onlara verdiyi bir dərs saatıdır. Çox dərs saatı olanlar isə daha çox bölgələrdədir. Orada bir müəllim var və artıq əlavə müəllim gəlmir. Yaxud da həmin müəllimin fiziki imkanı var ki, daha çox dərs deyir. Bizdə olan məlumata görə, hal-hazırda ölkədə 5000 dən çox müəllimin əmək haqqı 1000 manatdan çoxdur. Bu, daha çox ikili dərs deyən müəllimlərdə olur. Məsələn, riyaziyyat və informatika müəllimləri, kimya və biologiya müəllimləri, tarix və coğrafiya ixtisası olanlar. Bunların dərs saatları daha çoxdur. Azərbaycanda həm də diplomu ikili ixtisası olanlar var və onların dərs saatları elədir”.
Kamran Əsədovun sözlərinə görə, müəllimlərin ortalama maaşı 350-550 manat arasıdır ki, bu da kifayət qədər azdır.
“Mən dəfələrlə təklif etmişəm necə ki, həkim, polis və digər sahədə çalışanların vahid əmək haqqı var, müəllimlərin də vahid əmək haqqı - vəzifə maaşı olmalıdır. Yəni belə deyək, 500 manat vəzifə maaşları olmalıdır, yerdə qalan isə dərs saatına görə pullarını almalıdırlar. Məsələn, deyirəm “Neftçala rayon Xıllı qəsəbə 1 saylı orta məktəbdə Azərbaycan dili müəlliminin dərs saatı 18 saatdır, amma qonşu məktəbdə 6 saatdır. Amma o mənim problemim deyil ikimiz də işləyirik”. Mən düşünürəm ki, bütün müəllimlərin hər birinə vahid vəzifə maaşı verilməlidir. Ondan sonra isə biz bunu stimul yaratmaq üçün etməliyik. Onlar dedikləri dərsə görə pul almalıdırlar. Yəni müəllimlər ən yüksək maaşa layiq olan, ən yüksək sosial təminata layiq olan təbəqədirlər. Bu gün hər kəs - prezidenti də, naziri də, hakimi də, həkimi də, hamısı müəllimin əməyinin nəticəsidir. Biz müəllimimizə daha yaxşı əmək haqqı, imtiyazlar verməliyik. Onları bütün kommunal xərclərdən, nəqliyyat xərclərindən azad etməliyik ki, aldığı əmək haqqı özünə çatsın”, - deyə ekspert bildirib.
Həmidə İbrahimova












