Alimlərimiz Türkiyədə Beynəlxalq Elm Konqresində iştirak etdi - FOTO
Cari ilin 24-27 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində “4-cü Beynəlxalq Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konqresi (4.Uluslararası Türk Dünyası Eğitim Bilimleri ve Sosyal Bilimler Kongresi”) öz işinə başlayıb.
Redaktor.az xəbər verir ki, Böyük Zəfərin 100-cü ildönümünə həsr edilən konqres Türk Təhsil-Şən və Beynəlxalq Avrasiya Təhsil Birliyi tərəfindən təşkil edilib.
Tədbirə Türk Təhsil-Şən və UAESEB sədri Talip Geylan, Türk Təhsil-Şən Baş Qərargah müdirləri, Beynəlxalq Avrasiya Təhsil Birliyinə üzv təşkilatların sədrləri, Türkiyədən, Türk dünyasından, eləcə də bir çox xarici ölkələrdən elm adamları və digər nümayəndələr də qatılıblar.
Bu nüfuzlu beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları dosent Tahir Orucov, Aynur İbrahimova, Fidan Qasımova, İlhamə Qəsəbova və elmi işçi Günay Oruczadə təmsil edib.
Alimlərimiz konqresdə müxtəlif müzakirələrdə maraqlı məruzələrlə çıxış edib. Onlardan Tahir Orucovun “Anadolu, Azərbaycan və Balkan türklərinin epik folklorunun oxşar və fərqli cəhətləri: məsəllər, dastanlar, atalar sözü və tapmacalar əsasında”, Aynur İbrahimovanın “ Türk dünyası və köç mədəniyyəti, qədim adət-ənənələr, itirilmiş dəyərlər (Azərbaycanın Tovuz rayonu nümunəsində), Fidan Qasımovanın
“Kitabi-Dədə Qorqud və Kuhulin dastanlarında obrazların tipologiyası”, İlhamə Qəsəbova “
Azərbaycan folkloru və aşıq ədəbiyyatının mətbuat dövrü (1937-ci illər), həmçinin elmi işçi Günay Oruczadənin “ “Türk və Azərbaycan folklorunda xalq rəqsləri: onların yaranması, tarixi və təşəkkülü ” mövzularında məruzələri maraqla qarşılanıb.
Bu çıxışlara görə onların hər biri Türk Təhsil-Şən və UAESEB sədri Talip Geylan imzası ilə “Duatepe Bilim Ödülü" və “Təşəkkürnamə" alıb.
4-cü Beynəlxalq Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konqresi noyabrın 27-də öz işini başa çatdırıb.
Tunar Altunbay


















