"Məktəb direktorları sertifikasiyadan keçirilməlidir" - Deputat Etibar Əliyev
Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə orta məktəb direktorlarının da sertifikasiyaya cəlb olunacağını bildirib.
Bəs direktorlar sertifikasiyaya cəlb olunmalıdırmı? Onların sertifikasiyaya cəlb olunması məktəblərdə neqativ halların aradan qaldırılmasına təsiri olacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev bildirdi ki, direktorların sertifikasiyaya cəlb olunması onların peşəkarlığının artırılmasına təkan verə bilər:
“Mən nazirin bu fikrini dəstəkləyirəm. Direktorların sertifikasiyaya cəlb olunması onların daha da peşəkarlığının artırılmasına, normal direktor seçiminə təkan verə bilər. Bu gün direktorların böyük kəsiminin yerində olmadıqları barədə fikirlər səslənir. Bəli, bu doğrudur və məktəblərdəki neqativ hallar bunu göstərir. Yəni direktorların işləri, fəaliyyəti mütəmadi olaraq monitorinq olunmalı və qiymətləndirilməlidir".
Millət vəkili onu da əlavə etdi ki, hazırda məktəblərə direktor seçimi onu qane etmir.
"Hər bir direktor şübhəsiz ki, müəyyən ixtisas sahibidir. Ya təbiət elmləri üzrə, ya humanitar elmlər üzrə. Çox təəssüflər olsun ki, indiki dövrdə məktəb direktorlarının əksəriyyəti ya filoloq, ya da başqa humanitar elmlərin nümayəndələridir. Mən düşünürəm ki, əslində seçimdə tarazlılığı qorumaq çox vacib ola bilər. Yəni bir ixtisasa yiyələnmişlər üstünlük təşkil edə bilməzlər. Təcrübə var, məsələn, 20-30 il bundan öncə direktorlar daha çox riyaziyyatçılar, fiziklər, kimyaçılar, bioloqlar arasından seçilərdi. Çünki məktəblilərin olimpiyada yarışları, yerli bilik yarışmaları olur. Və daha çox direktorun ixtisası üzrə şagird hazırlığına diqqətin artırılması önə çəkilirdi. İndi hər halda direktorlar hansısa kriteriyalar əsasında seçilibsə, şübhəsiz ki, o kriteriyalar yenə də məni qane etmir. Burada subyektiv dəyərləndirmə çoxdur. Ona görə də direktorlar təyin olunublarsa, onların işi nəzartə götürülməli, həmçinin onlar sertifikasiyadan keçirilməlidirlər”, - deyə Etibar Əliyev qeyd etdi.
Həmidə İbrahimova












