Tanınmış alimdən direktor və müəllimlərlə bağlı maraqlı TƏKLİF

 17:05 30.11.2022     612

“Direktorların sertifikasiyasının onların tədris etdiyi fənlər üzrə təşkil olunacağı nəzərdə tutulmuşdu. Ümumi müsbət hallar təbii ki, məktəbdaxili münasibətlərə də yaxşı təsir göstərə bilər. Lakin son zamanlar məktəblərdə baş verən neqativ halları müəllimlərin və ya direktorların bilik səviyyəsi ilə ölçmək düzgün deyil. Müəllimin savad göstərici çox yüksək səviyyədə ola bilər, şagirdə ötürə bilmirsə və ya hansısa psixoloji gərginliklə dərs keçirsə, o savaddan şagird faydalana bilməyəcək, əksinə zərbə alacaq”.

Redaktor.az xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli elm və təhsil naziri Emin Əmrullayevin sertifikasiya prosesinə orta məktəb direktorlarının da cəlb ediləcəyi barədə açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sertifikasiya adı altında istər müəllimi, istər direktoru təzyiq altında saxlamaqla onlarda yaranan psixoloji gərginliyi şagirdlərə ötürmüş oluruq.

“O ki qaldı sertifikasiyanın önəminə, mən düşünürəm ki, direktorlar işə qəbul üçün müvafiq imtahan və müsahibələrdən keçirsə, yenidən imtahana cəlb olunmasının xüsusi bir önəmi yoxdur. Əksinə, doğrudan da istər müəllim, istər direktorların sertifikasiyasını təşkil etməkdə məqsəd təhsil və tədrisin inkişafına xidmət etməkdirsə, o zaman direktorları dövlət hesabına "Təhsilin idarə edilməsi" kursları və treninqlərinə, müəllimləri isə təkmilləşdirmə təlimlərinə cəlb etsinlər. Bu cür kurslarda həm ixtisas, həm pedoqoji, həm də psixoloji təlimlər çox önəmlidir. Bu, məhz təhsilin, şagirdin, məktəbin və cəmiyyətin inkişafına səbəb ola bilər. Müəllimin psixoloji vəziyyəti onun həm savadı, həm də dünyagörüşündən çox önəmlidir. Əgər "cəza" metodu olaraq sertifikasiya nəzərdə tutulursa və aşağı nəticələrə görə kimsə kənarlaşdırılırsa, onun göstərdiyi aşağı nəticə bütövlükdə təhsil sisteminin boşluğudur. Əgər mütəxəssis ona verilən diplomu və ixtisasını layiqincə yerinə yetirə bilmirsə, bu yalnız onun problemi deyil, həm də təhsil sisteminin problemidir”, - deyə V.Ağabəyli vurğulayıb.

Həmidə İbrahimova