"İcra başçılarının əmək haqqı heç o qədər deyil" - Təhsil eksperti direktor və müəllimlərin maaşından danışdı

 18:04 08.12.2022     1543

Orta məktəb direktorlarının şagird sayına görə maaşının artırılması geniş müzakirələrə səbəb olub. Bəziləri şagird sayı 500-dən çox olan məktəb direktorlarının əmək haqqının artırılmasına müsbət yanaşsa da, buna mənfi yanaşanlar da az deyil.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, şagird sayına görə 500-dən çox olan məktəbin direktorlarına əlavələr edilməsi yaxşı haldır.

“Əslində son iki il ərzində təhsil sistemində ciddi dəyişiklikləri müşahidə edə bilirik. Söhbət müəllimlərin əmək haqqının yeni qaydalarda verilməsi, onların diaqnostik imtahanlardakı topladığı bala uyğun olmasından gedir. Amma düşünürəm ki, həm müəllimlərin diaqnostik imtahanlarındakı nəticələrinə, eyni zamanda direktorların şagird sayına görə əmək haqqları məsələsinə yenidən baxmaq lazımdır. Yeni qaydalara görə şagird sayı 500-dən çox olan məktəbin direktorlarına əlavə pul verilməyə başlanılıb. Bu yaxşı haldır. Direktorlara kifayət qədər böyük məbləğdə əmək haqqı almağa imkan verir. Məsələn, şagird sayı 2000-dən çox olan məktəbin direktoru aylıq 2500 manatdan çox əmək haqqı alacaq ki, bu da ölkədə yalnız Milli Məclisin deputatlarından az əmək haqqıdır. Başqa heç bir hüquq mühafizə orqanlarının rəhbər şəxslərinin, icra başçılarının əmək haqqı heç o qədər deyil. Amma biz mütləq şəkildə buna yenidən baxmalıyıq. Ona görə ki, bu gün ölkəmizin 4432 orta ümumtəhsil məktəbinin 51 faizində şagird sayı 200-ə qədərdir. Və bu qədər direktorda, məsələn, 200 şagirdi olan məktəbin direktoruyla 500 şagirdi olan məktəbin direktorunun sənədləşmə işində ciddi fərq yoxdur. Yəni hər ikisinin əmək funksiyası eynidir. Və yaxud da bir məktəbin 499 şagirdi, birinin 500 şagirdi var. Bunların elə bir fərqi yoxdur” - deyə ekspert vurğuladı.

Kamran əsədov onu da qeyd etdi ki, əməyin stimullaşdırılması, neqativlərin tamamilə aradan qalxması və direktorların öz işinə daha həvəslə yanaşması üçün bu rəqəmlər bir az da aşağı düşməlidir.

“Yəni şagird sayı 100-dən etibarən başlayaraq direktorların əmək haqqlarına əlavələr verilməlidir ki, bu, daha geniş insanları əhatə etsin və sosial yönümlü olsun. Bu gün biz çox təəssüf ki, məktəb direktorlarının şagirdlərdən bu və ya digər məqsədlər üçün əlavə pul yığmalarının şahidiyik. Və bunun aradan qalxması üçün, direktorların sosial vəziyyətini düzəltməkdən ötrü hesab edirəm ki, 500 rəqəmini 100-ə qədər salmalıyıq. 100-200 arası şagirdi olan məktəb direktorlarına artıq bu əmək haqqlarının artımı şamil edilməlidir. Ümumilikdə əmək haqqlarına yeni yanaşma kifayət qədər müsbətdir. Artıq orta məktəblərdə rəqabət yaranıbdır. Əvvəllər biz görürdük ki, məktəb direktorları 9-cu sinifdən sonra şagirdləri çıxarmaqda maraqlı idilər. İndi şagird sayına görə saxlamağa çalışırlar. Müəllimlər nəticələrini düzəltməyə çalışırlar ki, onlar da diaqnostik imtahanda daha yaxşı nəticə göstərsinlər. Rəqabət mühitinin yaranması inkişafa gətirib çıxardır. Amma məncə, bu qaydalara yenidən baxmaq yaxşıdır. Misal üçün sertifikasiyada 49 bal yığanla 50 bal yığan arasında heç fərqi yoxdur. Amma biz onlara fərqli, birinə 35 faiz, digərinə 10 faiz artım tətbiq edirik. Məsələn, 25 bal yığanla 50 bal yığana eyni yanaşma doğru deyil. Ona görə də mən düşünürəm ki, biz daha fərqli yanaşmaya üstünlük versək, keyfiyyəti sürətlə artıra bilərik”.

Həmidə İbrahimova