"Müəllimin şagirdə əl qaldırmağı o deməkdir ki, özü idarəetməni itirib" - Vüsalə Ağabəyli

 17:27 08.12.2022     400

Azərbaycanda orta məktəblərdə müəllimin şagirdə əl qaldırması ilə bağlı zaman-zaman xəbərlərlə rastlaşırıq. Bu günlərdə Şamaxıda da müəllimin şagirdi döyməsi ilə bağlı yeni məlumat yayılıb. Şagirdə şiddət göstərildiyi bildirilən Təranə Əsgərova hadisəni təkzib etsə də, məktəbli iddia edib ki, tənəffüs zamanı sinif yoldaşı ilə birlikdə sinifdəki şkafa girdiyinə görə həmin müəllim tərəfindən döyülüb.

Bəs, müəllim şagirdlərə necə davranmalıdır ki, bu cür hallar yaşanmasın?

Mövzu ilə bağlı Redaktor.az-a danışan filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəylinin sözlərinə görə, xüsusi etiket normaları var ki, müəllimlər o həddi keçməməlidirlər.

Bu, illər əvvəlcədən müzakirə olunan mövzudur. Təbii ki, qadağan olunmuş qaydalar var. Xüsusi etiket normaları var ki, müəllimlər o həddi keçməməlidirlər və hansı şəkildə davranmalıdırlar. Təbii ki, bu cür hallar yolverilməzdir. Cəmiyyətdə başqa bir insanın bir-birinə rəftarı zamanı ortaya çıxan konfliktin həll olunmasında müəllim əgər nümunəvi rol oynamırsa, əl qaldırırsa, onda bu necə müəllimdir? Mən hər zaman onu da vurğulayıram ki, düzdür, müəllimin savad göstərciləri, bilik göstəriciləri, lazımi həddə olmalıdır. Bu, öz yerində. Amma ən əsası ilk növbədə müəllimin psixoloji vəziyyəti yerində olmalıdır. Psixoloji göstəriciləri, beyni, özünü idarəetməsi, özünün kontrolu qaydasında olan müəllim o daxili savadını, potensialını, biliyini də tələbəyə, şagirdə də ötürə bilir. Yoxsa özü psixoloji gərgindirsə, bu adam özünü kontrol edə bilmirsə, yəni bir müəllimin şagirdə, tələbəyə əl qaldırmağı artıq o deməkdir ki, özü idarəetməni itirib. O tələbədən nə yetişdirə bilər? Hansı şagirdi yetişdirə bilər? Yəni psixologiya, pedaqogika, metodika üçü birində cəmləşəndən sonra o bilikləri tələbəyə çatdıra bilir. Müəllimin bu üçlüyü formalaşdırmağı mütləqdir”,- V.Ağabəyli qeyd etdi.

Həmidə İbrahimova