"Utanıb, ölmürsüz?" - Təhsil eksperti əxlaqsız videolara baxan müəllimlərə səsləndi

 17:19 12.12.2022     713

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının müəllim və tələbələrlə bağlı açıqlaması gündəmə səbəb olub.

“Bəzi əməkdaşlar universitetdə internetdən elə şeylər yükləyir ki, ayıbdır sadəcə. Bəzi tələbələr elə şeylərlə məşğuldur ki, ayıbdı. İndi ona qərar vermişik ki, universitetdə "TikTok" və s. saytları bağlayaq. Kim universitetdə hara daxil olub, nə işlə məşğul olub, hər birini İP kodla bilirəm. Bunu mən desəm, siz özünüz məəttəl qalarsız, hətta bəzi müəllim, professor heyəti özünü yaxşı hiss etməz”,- deyə rektor deyib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanın bir sıra ali təhsil müəssisələri həqiqətən ölüb:

“Yaxşı ki, Bakı Dövlət Universiteti var. Ayıbdır. Azərbaycanda davamlı, dayanıqlı iqtisadiyyatın formalaşmasına kadr hazırlayan Azərbaycan İqtisadiyyat Universiteti tiktokerləri çağırıb. Görün vəziyyət necədir ki, təsəvvür edin, gəmi batır və siz köməyə dəxlisiz bir şeyi çağırırsız. Və yaxud da Azərbaycan Dövlət Pedaqoji Universiteti videobloggerləri görüşə çağırıb. Sən Mədəniyyət və İncəsənət Universitetisən? Sən nəylə məşğulsan? Ay Pedaqoji Universitet, sənin məzunların müəllimlərin işə qəbulu imtahanında nəticə göstərə bilmir. Sənin universitet bitirmiş məzunların orta məktəbə qəbul olmaqdan ötrü, müəllim olmaq üçün müəllim yanına hazırlığa gedirlər. Sən də durub orda videobloggerləri universitetə gətirirsən. Nə deyəcək? Dərsə gedəndə belə aktyorluq edin? Hörmətli Mustafa Babanlının çıxışının mətninə baxdım. Azərbaycanda neft sahəsi üçün, sənaye üçün, iqtisadiyyat üçün kadr hazırlayan bir üniversitetin müəllimləri əxlaqsız videolara, saytlara girirlər. Hörmətli Xalq yazıçısı Çingiz Abdullayev demiş, utanıb, ölmürsüz?"

Təhsil ekspertinin sözlərinə görə, Azərbaycan alimlərinin, elminin reytinqi bərbad vəziyyətdədir:

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun beynəlxalq reytinqi yoxdur. Və yaxud elmi tədqiqatlar o qədər bərbad səviyyədədir ki, köçürmə, oğurluq, plagiat. Ona görə Azərbaycanda sənaye yoxdur ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimlərinin başı əxlaqsız videolara baxmağa qarışıb. Əslində rektorun bu çıxışı böyük bir hadisədir ki, rektor onu etiraf edir. Bu onu göstərir ki, universitet daxilində, münasibətlər o qədər də xoş deyil. Müəyyən qədər konfliktlər var ki, rektor bu ifadələri istifadə edir. Müəssisə daxilində olan şeyi ictimai müzakirəyə çıxarmaq yaxşı hal deyil. Həm də bizə məlumat verir ki, mənim ali təhsil müəssisəmdə vəziyyət yaxşı deyil. Həqiqətən də biz acınacaqlı vəziyyətdəyik".

Kamran Əsədov qeyd etdi ki, bu gün Azəbaycanda ali təhsil müəssisəsində 14188 professor müəllim heyəti var. Ölkə üzrə ümumilikdə 19754 tədqiqatçı olduğunu deyən ekspert hesab edir ki, bu, çox aşağı rəqəmdir.

"Təsəvvür edin, bizim 51 universitetimizdə 187000 tələbə təhsil alır. Hanı bəs bunların dayanıqlı inkişaf üçün hazırladıqları kadrlar, mütəxəssislər? Varmı? Birmənalı şəkildə yoxdur. Bu gün Azərbaycan ali təhsil müəssisələrindən Bakı Dövlət Üniversiteti beynəlxalq reytinqdə var. Bakı Dövlət Universiteti elə göstəricilərlə reytinqdədir ki, əslində orada bu gün müəllimləri əxlaqsız saytlara, videolara baxan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti reytinqdə olmalı idi. Beynəlxalq reytinqi ölçən alətlər var - H indeksi, Google Scholar hesabı. Bunların heç biri həmin o əxlaqsız videolara baxan universitetin professorlarının böyük əksəriyyətində yoxdur. Böyük əksəriyyətin də 99 faizində yoxdur. Yəni bu gün ali təhsilin beynəlxalq reytinqi bunlar üçün maraqlı deyil. Əslində Mustafa Babanlı universitetdə çox yaxşı rüşvətsiz, təmiz, sağlam mühit qurub. Amma əvvəlki müəllimlər köhnəliyin havasındadırlar. Elə fikirləşirlər ki, onlar yaxşı olacaq. Ölkədə ümumiyyətlə tədqiqatçıların 60 faizi qadınlardır. Bu aşağı rəqəmdir. Kişilər hanı? Biz bilirik ki, ailə məsələlərinə görə kişilər daha çox elmi tədqiqatla məşğul ola bilirlər. Hal hazırda Azərbaycan ali təhsil müəssisələrindən bir neçəsi ölüb. Özəl universitetlər öz yerində. Onlara onsuz biz qarışmırıq. Amma Azərbaycanda kənd təsərrüfatı ixtisasında 775 elmi dərəcəli mütəxəssisimiz var, amma cəmi 776 məqalə var. Halbuki bunlar ildə nə qədər məqalə çap etməlidirlər. Yəni elmi-metrik bazada yoxuq. Niyə? Çünki başları o videolara baxmağa qarışıb”,- deyə ekspert qeyd etdi.

Həmidə İbrahimova