Şagirdlərə psixoloji təzyiq edən müəllimə töhmət verildi

 10:41 14.12.2022     2017

Sosial şəbəkələrdə 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumatla əlaqədar müvafiq araşdırma aparılıb, müəllimdən izahat alınıb.

Redaktor.az xəbər verir ki, müəllim izahatında uşaqlara psixoloji təzyiq göstərmədiyini şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün onları tənbeh etdiyini bildirib.

Digər məqamlar barədə məlumatların (şagirdlərin sanitar qovşağa buraxılmaması, onlarla kobud rəftar olunması) həqiqətəuyğun olmadığını bildirib.

Məktəb rəhbərliyi tərəfindən sinifdə təhsil alan şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər.

Məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, məktəbin I sinfində dərsini hazırlamayan şagirdlər 45 dəqiqə ərzində sinif otağında küncdə saxlanılıb. Sonra isə sinif müəllimi ibrət olsun deyə uşaqların fotosunu çəkərək valideynlər qrupuna göndərib. Eyni zamanda, iddia edilib ki, şagirdlər dərs müddətində sanitar qovşağa buraxılmır (apa.az).