"Uşağı dərsə həvəsləndirmək belə olmamalıdır" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı məlumat yayılıb. Bildirilib ki, məktəbin I sinfində dərsini hazırlamayan şagirdlər 45 dəqiqə ərzində sinif otağında küncdə saxlanılıb. Sonra isə sinif müəllimi ibrət olsun deyə uşaqların fotosunu çəkərək valideynlər qrupuna göndərib. Eyni zamanda, iddia edilib ki, şagirdlər dərs müddətində sanitar qovşağa buraxılmır.
Bu hadisə ilə bağlı foto valideynlər tərəfindən sosial şəbəkədə yayıldıqdan sonra məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib.
Maraqlıdır, müəllimin məktəblilərlə bu cür davranışı nə dərəcədə doğrudur? Bu davranış uşaqlara necə təsir göstərir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirdi ki, müəllim düzgün bir metod seçməyib. Onun sözlərinə görə, şagirdin davamlı olaraq dərsə hazırlıqsız gəlməsi davranış pozğunluğudur.
“Məndə olan məlumata görə oradakı uşaqlar dərslərini hazırlamayıblar və səhv etmirəmsə, valideyn də qeyd edib ki, onlar dərslərin yerini bilməyiblər. Burada əlbəttə ki, müəllim doğru forma seçməyib, yəni uşaqların təhsilə marağını doğru bir forma ilə artırmayıb. Amma burada məsələ belədir ki, indi yeni davranış qaydaları məktəbdə tətbiq olunandan sonra həm müəllimlərin, həm valideynlər, həm də uşaqların məlumatlığı olacaq ki, dərsə hazırlıqsız gəlmək özü bir davranış pozuntusudur. Amma bunun səbəb olmalıdır. Biri var ki, bir dəfə iki dəfə bir də var, davamlı olaraq. Əgər bu, təkrarlanırsa, həm valideynlərlə danışmaq lazımdır, həm uşaqlarla, həm də araşdırmaq lazımdır ki, uşaq nəyə görə hazırlıqsız gəlir”, - o qeyd etdi.
Şura sədrinin sözlərinə görə, bu xəbərin mətbuata düşməsi də, uşaqlara psixoloji olaraq təsir edə biləcək bir faktdır:
“Bəli, bu gün məktəblərdə "bullinq", müxtəlif formada zorakılıqlar var və düşünürəm ki, bir müddət sonrakı davranış qaydalarını sistemli şəkildə otuzdurub hər kəsə bunu anlada bilsək, bu problemlər müəyyən qədər aradan qalxacaq. Səbəb tamamilə həll olunmayacaq. Sadəcə bir az məsələnin işıqlandırılmasının özündə də problemlər var idi. Düzdür, bəzilərinin üzü gizlənmişdi. Amma məktəb bəllidir, sinif bəllidir, müəllim bəllidir və hansı uşaqlar olduğunu da bilir. Bununla bağlı mübahisəli məqamlar da var. Çünki internetə düşən məsələlər, ömür boyu həmin insanı izləyən məsələdir. Ona görə bu məsələdə də ehtiyatlı olmalıyıq. Professional davranmalıyıq ki, uşaqlar bununla bağlı gələcəkdə hər hansı bir araşdırma edəndə nə ilə rastlaşa bilərlər? Məsələyə hər tərəfdən baxmaq lazımdır. Müəllimi bu məsələ ilə bağlı cəzalandırmaqla yanaşı, onun maariflənməsi lazımdır.
Təhsil İnstitutu, Elm və Təhsil Nazirliyi ilə birgə çox böyük bir sayı əhatə eləyən müəllimlər üçün onlayn təlimlər təşkil edəcək. Bu təlimlər elə məhz uşaqlara qarşı psixoloji davranış qaydalarına həsr olunacaq. O müəllimə də izah olunmalıdır ki, uşağı dərsə həvəsləndirmək belə olmamalıdır. Bunun üçün fərqli mesajlardan istifadə etmək olar”.
Psixoloq Nuriyyə Quliyeva isə bildirdi ki, heç bir şəkildə müəllimin etdiyi davranışa bəraət qazandırmaq olmaz:
“Çünki müəllim düşünə bilər ki, mən uşağın təhsili, gələcəyi, təlimi üçün bunu edirəm. Amma bunu edərkən bu cür cəza üsulunun seçilməsi təbii ki, uşağın şəxsiyyətini alçaltmağa gətirib çıxarır. Təlimdə bir sıra metodlarla cəza öyrənmə və yanaşma üsulu deyil. Biz bunu təsdiqləmirik. Hər zaman mükafatlandırma, həvəsləndirmə, rəğbətləndirmə kimi üsullardan istifadə etmək daha məqsədəuyğundur və uşaq üçün faydalıdır. Bu cür cəza uşaqda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxara bilər. O, qeyd elədiyim kimi, özünə inamı azala bilər, özünü alçaldılmış, təhqir olunmuş, dəyərsiz hiss edə bilər və ya dərsi məhz qorxduğu üçün öyrənər. Ona görə əlbəttə ki, bütün bunları nəzərə alsaq, qətiyyən bu yanaşma doğru deyil. Yəni mən başa düşürəm, müəllim onu bilərəkdən uşaqları sırf cəzalandırmaq, daha doğrusu, zərər vermək məqsədilə etmir. Uşaqda özünə inam problemi, başqalarına qarşı inamsızlıq, dəyərsizlik hissi, gecə qorxuları yarana bilər. Yəni bir sıra psixoloji problemlərə gətirib çıxara bilər”, - deyə o vurğuladı.
Nərmin VÜQARQIZI