Müəllimin bu metodu bəyənilmədi - Ekspert: "Auditoriya düzgün seçilməyib"

 15:52 16.12.2022     2055

Sosial şəbəkələrdə Bakı Mühəndislik Universitetinin baş müəllimi Bəhman Qüdsinin kəsri tələbələrə vizual olaraq izah etməsi maraqla qarşılanıb. Bəziləri bu üsulu effektiv hesab etsə də, bəziləri isə kəsrin universitet tələbələrinə vizual izahını gülünc hesab edib.

Bəs, bu üsul tələbələr üçün effektiv hesab oluna bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, müasir dövrün öyrənmə metodları müəllimdən müxtəlif rollu oyunları tələb edir:

“Burada iki məsələ var. Təbii ki, biz auditoriyanı düzgün seçməliyik. Bura universitetdir. Universitetə gələn şəxslər kəsri hər halda bilirlər. Və yaxud da onu həll edə bilirlər ki, gəlib ora çıxıblar. Yəni əslində öyrədilən mövzu auditoriyaya görə seçilməlidir. Bu zaman rollu dərslər normal qəbul edilə bilər. Mən həmin müəllimin kifayət qədər maraqlı dərs keçmək metodundan xəbərdaram. Yenilikçidir, müasir fikirləri özünə məxsus şəkildə auditoriyada tətbiq edir. Bu, yaxşı haldır. Amma mən düşünürəm ki, auditoriyanı düzgün seçməliyik. Yəni tələbələrə o informasiyanın verilməsi və yaxud da çatdırılması öyrədici məqsəd daşımayacaq. Çünki onlar mühəndisdirlər, müəllim deyillər və onu hardasa tətbiq etməyəcəklər".

Bununla belə ekspert düşünür ki, auditoriya düzgün seçilərsə, həmin izah çox yaxşı metod hesab edilə bilər.

Həmidə İbrahimova