Deputat nazirlə razılaşmadı: "Bunu inkar edə bilmərik"

 15:25 19.12.2022     3053

"Şagird sıxlığı ilə təhsilin keyfiyyəti arasında elə də əlaqə yoxdur".

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib. Nazir bildirib ki, əgər müəllim yaxşıdırsa, sinifdəki tədrisi yaxşı təşkil edə biləcək.

“Bu gün ölkədə cəmi 0,3 faiz sinifdə şagird sıxlığı var. Hansı ki, həmin məktəblər yaxşı nəticə göstərən təhsil ocaqlarıdır”, - deyə Emin Əmrullayev vurğulayıb.

Maraqlıdır, ekspertlərin, valideynlərin, hətta müəllimlərin belə tez-tez şikayətləndiyi şagird sıxlığı dərslərin keyfiyyətinə həqiqətən də, təsir etmirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, şagird sıxlığının təhsilə keyfiyyətə birbaşa təsiri var.

“Biz deyə bilmərik ki, şagird sıxlığının təhsilin keyfiyyətinə təsiri yoxdur. Adi bir misal deyim, müəllim bir var 10 şagird olan sinfə girir, 10 şagirddən dərs soruşur, bir də var 20-30 şagirddən. Yəni müəllim bütün şagirdlərdən, lap universitetdə də dərsi soruşmağı tam çatdırmır. Yəni şagird sıxlığı həm dərs soruşmaq baxımından, həm auditoriyanın idarə olunması baxımından bu prosesə bilavasitə təsir göstərir. Bunu biz deyə bilmərik ki, sıxlığın təhsilin keyfiyyəti ilə əlaqəsi yoxdur. Sadəcə, orada hansı bölgələrdə sıxlığın olduğu, hansında olmadığı ilə bağlı müəyyən fikirlər söylənildi. Yəni bunu biz tam inkar edə bilmərik. Əlbəttə, birmənalı olaraq mən hesab edirəm ki, təsiri var. Burada biz bu nüansı mütləq nəzərə almalıyıq. Xüsusilə də, hansı ərazilərimizdə ki, çox ciddi məktəb sıxlığı var, onunla bağlı ciddi addımlar atmalıyıq”, - deyə millət vəkili qeyd etdi.

Nərmin VÜQARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən