"Müəllimləri yaşlı və cavan kateqoriyalara bölmək olmaz" - Professordan nazirə REAKSİYA

“Əlbəttə, bu və bu kimi tədbirlərin reallaşdırılması təhsildə aşkarlıq və şəffaflıq prinsiplərinin təmin edilməsi baxımından nəinki lazım və təqdir olunasıdır, həm də ümumi ictimai rəyin öyrənilməsi, düzgün və obyektiv qərarların qəbul edilməsi baxımından da son dərəcə faydalıdır".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti, professor Nadir İsrafilov Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmə ilə bağlı fikirlərini bölüşərkən dedi.
Onun sözlərinə görə, ilin sonuna salınan, bu dinləmədən bir çoxları artıq ilk mərhələsi başa çatan və bu sahədə müəyyən problemləri üzə çıxaran, hələ bundan sonra da 4 il davam edəcək sertifikasiya ilə bağlı obyektiv və qeyri-obyektiv məqamlara toxunulacağını və gələcəkdə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədinə xidmət edən bu vacib prosedurun daha da təkmilləşdirilməsi istiqamətində hansısa konkret təkliflərin veriləcəyini və bununla bağlı ilkin qərara gəlinəcəyini gözləyirdi:
"Düzdür, daha çox fəallıq nümayiş etdirən bir qrup deputat və komitə sədrlərinin çıxışlarında dinləmənin əsas predmeti olan sertifikasiyanın məqsəd və mahiyyətindən yayınmalara, hamıya məlum olan problemlərə daha çox yer verilmiş oldu, bununla belə, uzun illərdən bəri həllini gözləyən məsələlərin bir daha diqqət mərkəzinə gətirilməsinin özü də problemlərin nə qədər ciddi olmasına bir işarə idi. Bəlkə də elə dinləmənin məğzini deputatlardan birinin qoyduğu sual təşkil edirdi – sertifikasiyadan keçməyənlər necə müəllim olub? “Bu gün fənnini bilməyən müəllimlər olduğunu dedik. Sertifikasiyadan keçməyən müəllimlər var. Problemə görə dövlət də məsuliyyət daşıyır. Bunlar necə məzun olublar, işə necə qəbul ediliblər?” suallarına cavab verilməlidir”.
N.İsrafilov onu da qeyd etdi ki, nazir tərəfindən sertifikasiya imtahanları nəticəsində bir sıra islahatlar həyata keçiriləcəyi barədə mesaj verilib:
“Nazirin açıq etirafından məlum oldu ki, “Bu gün bizim “10 bal, 20 bal toplayan müəllimlə nə etməliyik?” sualı açıqdır” və “Bu gün ölkədə məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur”. Dinləmədən belə nəticə də hasil oldu ki, “məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın.” Əlbəttə, dinləmədə səsləndirilən müəyyən fikirlər heç də hamı tərəfindən birmənalı qarşılanmasa da bu, sıradan olan bir təbii hal kimi qiymətləndirilməli, kimlər tərəfindənsə anaşılmayan fikirlərə növbəti dinləmələrdə aydınlıq gətirilməlidir. Dinləmədə maraqlı olduğu qədər də düşünülməli olan məqamlardan biri də nazirin “Müəllimin 65 yaşı var, amma sertifikasiya imtahanında yüksək nəticə toplayıb. Təbii ki, həmin şəxsləri avtomatik olaraq sistemdə saxlayacağam” fikridir. Nazirin bununla nə demək istədiyi kimlərəsə müəmmalı qalsa da, yeri gəlmişkən onu demək istərdim ki, müəllimləri yaşlı və cavan kateqoriyalara bölmək son illərin ən uğursuz tendensiyalarından biridir".
Professor vurğuladı ki, yaşlı və cavan müəllim olmur, təcrübəli və təcrübəsiz müəllim, nüfuzlu və nüfuzsuz müəllim olur:
“Mən ümumiyyətlə, yaşlıları və gəncləri müqayisə etməyin, bu əsasda hər hansı bir təhlil aparıb, ictimailəşdirməyin qəti əleyhinəyəm. Təcrübəli yaşlıları sıxışdırmaq yolu ilə, təcrübəsiz gənclərə yol açmaq, gənclərə etimad göstərmək hesab oluna bilməz. Bu hal, yaşlılarla gənc nəsl arasında qarşıdurma yaratmaqdan başqa bir şey olmayıb, onsuz da zədələnmiş müəllim nüfuzuna əlavə bir zərbədir. Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunub, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. O ki, qaldı Nazirin "Bu gün mən 65 yaşlı müəllimi işdə saxlayıramsa, yaxşı nazir, amma 25 yaşlı müəllimə işləməyə imkan vermirəmsə, pis nazir oluram" açıqlamasına, bircə onu deyə bilərəm ki, kimin kimdən inciməsi şərt deyil. Əsas odur ki, insanın vicdanı inciməsin, təki, haqq-ədalət zəfər çalsın”...
Həmidə İbrahimova