Sinif otaqlarına sürüklənən PROBLEM: "Bu, yalnız şagirdlərdə deyil, müəllimlərdə də sezilməkdədir"

 15:50 22.12.2022     2324

Son zamanlar sosial şəbəkələrdə şagirdlər arasında dərslərdə nizamsızlıq, dəcəlliklə bağlı görüntülərlə tez-tez rastlaşırıq. Görüntülərdə məktəblilərin sinif otaqlarında müəllimi görməzdən gəldiyi, qeyri-etik davranışlar sərgilədiyi açıq-aşkar görünür.

Bəs, şagirdlərdə nizamsızlıq, dəcəllik hansı hallarda yaranır? Belə hallarda müəllimlər şagirdlərlə necə davranmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Nərgiz Süleymanlı qeyd etdi ki, bu mövzu hər bir dövrdə olub, sadəcə son zamanlar biz onların bariz nümunələrini görürük.

“Bunu faktlar şəklində görürük. Amma biz deyə bilmərik ki, bunun yaranma səbəbləri əvvəllər və indi eynidir. Ümumilikdə çətin tərbiyə olunan uşaqların hər zaman problemləri ilə bağlı araşdırmalar edəndə, təbii ki, ailədən, ətraf mühitdən qaynaqlanan, onlara qarşı yanlış davranış tərzlərinin formalaşması, evdə ailə şəraitinin, düzgün cəza sisteminin olmaması, ümumilikdə ailədaxili problemlərin və eyni zamanda böyüdüyü mühitin belə çatışmazlıqlarını səbəb görürdük. İndiki dövrdə də təbii ki, bunlar aktualdır. Amma bununla yanaşı olaraq, hazırda istənilən yaşda uşağın texnologiyadan səriştəsiz istifadəsi, onlara uyğun olmayan mövzularla həddindən artıq tez yaşda tanış olmaqları və uşaqlara qarşı yönəlmiş bir virtual aləmdə xüsusi bir neqativ istiqamətlər var. Mən hər zaman bunu qeyd edirəm. Bu, adicə uşaqların izlədikləri cizgi filmlərində, oynadıqları oyunlarda, hətta aralarda gələn reklamlarda belə uşaqları aqressiyaya yönəlməsinə, qorxu yaşamasına səbəb olan görüntülər həddindən artıq çox görürük və bu görüntülər eyni zamanda zorbalığı, insanın bir-birinə zərər vurmasını normallaşdıran görüntülərdir. Biz texnologiyanı pisləyə bilmərik. Pisləməməliyik. Sadəcə olaraq ondan necə istifadə çox önəmlidir. Biz onu faydalı yönəldib bu cür istifadəni uşaqda aşılaya bilərik. Və yaxud belə qaydasız və heç bir nəzarətdə olmayan bir şəkildə izləniləndə, artıq uşaqlarda sadaladığımız problemləri görə bilirik”, - deyə psixoloq vurğuladı.

Həmsöhbətimiz hesab edir ki, problemdən çıxış yollarında təhsil müəssisəsi və ailə birgə işləməlidir:

“Bizim sistemdə bu nə dərəcədə mümkündür? Bunun özü ayrı bir mövzudur. Çünki hər bir təhsil ocağının özünün sırf, istər çətin tərbiyə olunan uşaqlarla bağlı, istər ümumilikdə bütün məktəb şagirdləri ilə məşğul olan bir məktəb psixoloqu olmalıdır. Eyni zamanda, pedaqoq olmalıdır. Direktor, müəllimlər, ailələr daim maarifləndirmə prosesində aktiv şəkildə olmalıdırlar. Amma biz bunu hazırda nə dərəcədə həyata keçiririk, bu, sual altındadır. Bunun bir çox səbəbləri var. Hazırda mən o mövzuya toxunmaq istəmirəm, amma ümumilikdə təbii ki, ailə, pedaqoq, müəllim bərabər addım atmalıdırlar".

Nərgiz Süleymanlı qeyd etdi ki, bəzən bu tip uşaqları psixoloqun yanına gətirirlər.

"Psixoloq öz işini görür. Uşaqda müəyyən bir dəyişikliklər hiss edilir. Amma uşaq seanslar bitdikdən sonra yenidən yanlış bir mühitə geri qayıtdığına görə, o davranışlar təzədən onda görünməyə başlayır. Biz bunun təktərəfli olmadığını dəfələrlə valideynlərə bildiririk, yəni bu sehrli bir otaq deyil, biz sehrli dəyənəklə və sadəcə uşaqla işləyərək bu problemlərin öhdəsindən gələ bilmərik. Ona görə, qarşılıqlı olmalıdır. Baş verən səbəblər yaxşı araşdırılmalıdır, yaxşı diaqnostika olmalıdır. Uşaqların bir-birinə qarşı empatiya, anlayış, sevgi hislərini aşılamaq lazımdır. Yəni bu məktəb qruplarında sanki güc tətbiq etməyi bir kişilik kimi görən uşaqlar var. Bunların yanaşma tərzini dəyişmək, təbii ki, bu, cəmiyyətin borcudur və hər kəs burda da aktiv iştirak etməlidir”, - deyə psixoloq vurğuladı.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli isə bildirdi ki, texnologiyanın sürətlə inkişafı insan əməyini yüngülləşdirməklə yanaşı, həm də ciddi psixoloji dəyişikliklərə yol açır:

Onun sözlərinə görə, bundan başqa, genetik tərkibi dəyişdirilən qidalar, meyvələr, sosial-iqtisadi problemlər aqressiv davranışları artıran faktorlardandır:

"Aqressiv davranışlar, yüksələn səs tonları və səbirsizlik yalnız şagirdlərdə deyil, müəllimlərdə, valideynlərdə də sezilməkdədir. Şagirdlərdə isə erkən yaşlardan yaranan aqressiv rəftar gələcəkdə də ciddi fəsadların ortaya çıxacağına işarədir. Bununla birtərəfli mübarizə aparmaq mümkün deyil. Məktəb və valideynlərin birgə qarşılıqlı fəaliyyəti təmin olunmalıdır. Lakin ən önəmli iş isə məktəblərdə uşaq psixoloqlarının sayının artırılmasına yönəldilməlidir. Məktəb psixoloqlarının fəaliyyətini ümumi, şablon formal dəyərləndirmə ilə məhdudlaşdırmaq olmaz. Müxtəlif qruplaşdırmalar üzrə özəl psixoloji xidmətlər təşkil olunsa, aqressiyanın ilkin əlamətləri üzə çıxarılıb həllinə yönəlinsə, bu problem sinif otaqlarına sürüklənməz. Məktəblərdə psixoloqların fəaliyyəti formal olmaqla yanaşı, bu gün xəstəxanalarda təşkil olunan psixoloji xidmətlər də hədsiz bahadır. Bu kimi problemlər bir seansla yekunlaşmadığından gərginlikdən əziyyət çəkən şagirdlərin davamlı şəkildə psixoloji xidmətlərdən istifadəsi də maddi baxımdan mümkünsüz olur. Buna görə də, orta məktəblərdə psixoloqların sayı artırılmalı və yeni fəaliyyət planı işlənməlidir".

Vüsalə Ağabəylinin fikrincə, digər nüanslardan biri isə şagirdləri aktiv və yaradıcı fəaliyyətə yönəltməkdir.

"Son dövrlər ancaq tədris və elmi ədəbiyyat və sonda universitetə girmə həyəcanı şagirdləri gərginləşdirən məsələlərdən biridir. Bu baxımdan, onların sosial həyatı düzgün və səmərəli təşkil olunmur. Qrup işləri, kollektivlə birlikdə yaradıcı fəaliyyət də təşkil olunarsa, bu da onların formalaşmasında müsbət amil kimi dəyərləndirilə bilər”, - deyə, o qeyd etdi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən