"Hər problemin məsuliyyəti sanki müəllimin boynuna qoyulub" - Vüsalə Ağabəyli
Azərbaycanda sertifikasiyadan uğurla keçə bilməyən müəllimlər məktəblərdə başqa işlə təmin oluna bilərlər.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, sertifikasiyadan keçməyən müəllimləri günahlandırmaq, sistemdən kənarda qoymaq düz deyil.
“Məqsəd bu adamların uşaqlara dərs deməməsidir, amma işsiz də qalmamasıdır. İndiki düşüncə məntiqimiz budur. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq. Növbəti məlumatımız bununla bağlı olacaq”.
Maraqlıdır, sertifikasiyadan keçməyən müəllimlər məktəblərdə hansı “başqa işlər”lə təmin olunacaqlar?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, "Müəllim başqa fəaliyyətlə məşğul olacaq" fikri olduqca yanlış ifadədir.
“Müəllimin ixtisası müəllimlikdir, sertifikasiyadan keçməsə, onu hansı fəaliyyətə cəlb edəcəklər? Ümumiyyətlə, bu nə deməkdir? Cəza üsuludur, yoxsa qınağa çəkmədir? Bu fikir detallı şəkildə açıqlanmalıdır.
Son dövrlər çox qəribə bir tendensiya yaranıb, hamının və hər problemin məsuliyyəti və yükü sanki müəllimin boynuna qoyulub. Müəllimlərin sertifikasiyasında məqsəd doğrudan da, müəllimləri ixtisar etmək, dərs yükünü azaltmaq, ajiotaj yaratmaq deyil, tədrisin keyfiyyətli təşkilidirsə, o zaman müəllimləri dövlət hesabına həm ixtisası üzrə, həm də metodiki təkmilləşmə kurslarına cəlb etsinlər. Belə olarsa, cəmiyyətdə yaranan xaosa son qoyular. Sertifikasiya imtahanın gərginliyini yaşayan müəllim bunu dərsinə və şagirdlərinə yansıtmamış deyil. Bu məsələ nizamlı şəkil almalıdır”, - deyə ekspert vurğuladı.
Nərmin VÜQARQIZI












