"Bəzi dövlət qurumlarında tanışlıq, qohumluq və pul rol oynayır" - Deputat
“Niyə insanlar düşünür ki, həyatda uğurlu olmaq üçün təhsilli yox, bəxtli, pullu, qohumlu olmaq lazımdır? 2013-cü ildə nazirlikdə islahatlara başlayanda sorğu keçirmişdik. Sual da bu idi ki, həyatda uğurlu olmaq üçün aşağıdakılardan hansı ən vacibdir? Top üçlükdə təhsil yox idi. Onlar fikirləşirdilər ki, həyatda uğur qazanmaq üçün bəxtin, pulun və ya tanışın olmalıdır. Dördüncü yerdə isə təhsil gəlirdi”.
Bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumunda bildirib.
Bəs, niyə insanlar həqiqətən bu cür düşüncədədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, savad, bilik hər bir məsələdən öndə gəlir.
Onun sözlərinə görə, dünyanın əksər yerlərində də bu, belədir:
“Bir insan əgər uğurlu olmaq istəyirsə, o çalışmalıdır ki, savadlı, bilikli olsun və savad, bilik hər zaman ona karyera inkişafında yol olacaq, bir işıq göstərəcək. Amma burada mən bir neçə məqamın da üzərində durmaq istəyirəm. Yəni bizim insanlarımızın da hər biri çalışmalıdır ki, savadı ilə, biliyi ilə irəli getsin. Savadını, biliyini hər zaman artırsın, hər zaman inkişaf etdirsin. Amma bu gün təəssüflə onu da qeyd etmək lazımdır ki, dəfələrlə cənab Prezidentin bu barədə müxtəlif fikirlər söyləməsinə baxmayaraq, hələ də Azərbaycanda bəzi dövlət qurumlarında əsas prinsip savad və bilik yox, təəssüf ki, bir sıra hallarda tanışlıq, qohumluq və pul rol oynayır. Yəni bu, ciddi məsələdir. Məsələn, bu gün bir gənc gedir dövlət qulluğunda imtahan verir. Amma imtahandan keçəndən sonra müsabiqəyə gələndə kiminsə tanışına, kiminsə qohumuna daha çox yer verilir, nəinki ona. Düzdür, bu, həmişə belə olmur. Amma bu məsələlər də var. Yəni reallıqda elə olmalıdır”.
Deputat onu da qeyd etdi ki, bu gün bizim praktikaya, təcrübəyə baxanda əksər qurumlarda - həm özəl sahədə, həm də dövlət qurumlarında özünü açıq şəkildə göstərir ki, bir sıra hallarda dostluq, qohumluq, pul daha öndə gedir.
“Məsələn, birini cənab Prezident yüksək etimad göstərir vəzifəyə təyin edir. O, gəlir öz dostunu gətirir, onun dostu da öz dostunu gətirir, o birisi də öz dostunu gətirir və beləliklə də, hansısa bir dövlət qurumunu bu yolla iflic bir vəziyyətə gətirib çıxarırlar. Biz çox məsələləri deyə, danışa bilərik. Reallıqlarda bu məsələ həllini tapmalıdır. Belə olduğu təqdirdə də savadlı, bilikli, bacarıqlı gənclər bu prosesdən kənarda qalır və bu, onlarda müəyyən mənada bir ruh düşkünlüyü yaradır. Beləliklə də, həm də dövlət qurumlarında bu, iş prosesinə öz təsirini göstərir. Ona görə biz, bu məsələlərdə maksimal dərəcədə reallıqları nəzərə almalıyıq. Yəni gənclər bu yanaşmanı praktikada, reallıqda da açıq görməli və hiss etməlidirlər. Ümumilikdə isə mən hesab edirəm ki, savad, bilik daha önəmlidir və daha önəmli olmalıdır”, - deyə Ceyhun Məmmədov vurğuladı.
Həmidə İbrahimova












