Professor Azərbaycan təhsilinin əsas vəzifələrindən birini AÇIQLADI

 12:36 27.12.2022     1942

Elm və təhsil naziri  Emin Əmrullayev "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumunda bildirib ki, “Niyə insanlar düşünür ki, həyatda uğurlu olmaq üçün təhsilli yox, bəxtli, pullu, qohumlu olmaq lazımdır?”.

“2013-cü ildə nazirlikdə islahatlara başlayanda sorğu keçirmişdik. Sual da bu idi ki, həyatda uğurlu olmaq üçün aşağıdakılardan hansı ən vacibdir? Top üçlükdə təhsil yox idi. Onlar fikirləşirdilər ki, həyatda uğur qazanmaq üçün bəxtin, pulun və ya tanışın olmalıdır. Dördüncü yerdə isə təhsil gəlirdi”,- deyə nazir qeyd edib.

Bəs, niyə insanlar həqiqətən bu cür düşüncədədir?

Məsələyə münasibət bildirən təhsil eksperti, professor Nadir İsrafilov bildirdi ki, elə düşünənlər var, amma bunu bütövlükdə hamıya şamil etmək olmaz.

“Hər şeydən əvvəl ona görə ki, biz hələ ki, qohum, dost və tanışlıq zəmnində bir şəxsə və ya qrupa xüsusən səlahiyyətli şəxslər tərəfindən göstərilən ədalətsiz dəstəkdən tam qurtulmamışıq. Biz də adam arasına çıxırıq, söhbətlər edirik. Belə bir düşüncə var ki, fərqi yoxdur haranı qutarmısan, istər magistratura, istər doktorantura qutar, əgər adamın, qohumun, vasitən yoxdursa, karyera inkişafında lazımi səviyyəni əldə edə bilməyəcəksən. Yəni belə bir düşüncə var. Bunu inkar etmək olmaz. Niyə görə belə bir düşüncə var? Çünki belə bir faktlarla hər kəs rastlaşıb. Öz həyat təcrübəsində görürlər. Məsələn, hərənin bir tanışı, qohumu var. Və görür ki, bunun səviyyəsi nədir, amma tutduğu vəzifə nədir. Bəzən isə görürlər ki, bu adamın bacarığı, qabiliyyəti, diplomları, göstəriciləri, nailiyyətləri nədir, amma həyatda özünə lazımi bir kariyera qura bilməyib. Bir atalar məsəli var, “Od olmayan yerdən tüstü çıxmaz”. Belə hallar var ki, bu cür düşüncə tərzi də bizim insanlarda formalaşıb. Yəni bu, inkar olunan fakt deyil. O ki qaldı, nazirin bu məsələni dilə gətirməsi, bu, reallıqdan çıxış edən bir məsələdir. Amma indi burada nazir bunu, o mənada nəzərdə tutmur ki, bu fikrə bəraət qazandırır. Yəni ki, belə düşüncə var və hər kəs də bu düşüncədə deyil”.

Professorun fikrincə, bu, yaxşı tendensiya deyil:

“Mən deyərdim ki, bəlkə də bu, bizim azərbaycançılıq üçün xarakterik olan haldır. Dünya təcrübəsinə fikir verəndə, məsələn dünyanın tanınmış milyonerləri, milyarderləri, şirkət rəhbərləri var ki, öz şirkətlərini övladına vəsiyyət etmir, həvalə etmir. Yəni bu, onun davamçısı ola bilər. Amma şirkətinin nüfuzunu o dərəcədə gözləyir və bilir ki, bunu öz övladına etibar etsə, şirkət nüfuzdan düşə bilər, nüfuzunu itirə bilər. Öz övladına etibar etmir, digər bir işçisinə etibar edir. Yəni xarici təcrübədə belə şeylər var. Qohumçuluq bunlar üçün əsas deyil. Bunlar üçün o yaratdıqları, qurduqları sistemin nüfuzu əsasdır. Amma bu, bizim üçün xarakterik olan məsələdir. Çox təəssüf ki, yaxşı cəhət deyil. Biz burada xalqı, ölkənin inkişafını düşünməliyik. Bunun fəlsəfi tərəfinə keçsək, görərik ki, şəxsi mənafe, bir də, ictimai mənafe var. Aydın məsələdir ki, heç bir halda ictimai mənafe şəxsi mənafedən yüksək ola bilməz. Hər kəs çalışır ki,şəxsi mənafeyini güdsün. Elə ölkələr var ki, məsələn şəxsi mənafe 30 faiz, ictimai mənafe 70 faizdir. Yəni şəxsi mənafedən daha çox ictimai mənafeyə diqqət yetirir. Bu, ayrı-ayrı ölkələrdə, fərqli rəqəmlərdir. Amma məsələn, bizdə aparıcı ölkələr ilə müqayisədə bunu təhlil aparan olsa, şəxsi mənafe ictimai mənafeyi, yəni dövlət mənafeyini qat-qat üstələyir. Biz bunu ayrı-ayrı şəxslərin timsalında görürük. Ona görə də mən demirəm ki, şəxsi mənafeyi kimsə ictimai mənafeyə qurban verəcək və sairə. Amma burda heç olmasa 50/50 faizi gözlənilməlidir”.

Təhsil eksperti onu da qeyd etdi ki, nazirin bu sözü dilə gətirilməsi bir növ siqnaldır.

“Bizim millət, xalq üçün, düşünmək üçün bir siqnaldır ki, niyə bizdə belə bir düşüncə formalaşıb? Bu baxımdan nazirin sözündə müəyyən həqiqət var. Nazir onu hansı formada deyir? O, indi  yəqin deyir ki, belə bir düşüncə var, amma bu düşüncə səhv düşüncədir, yaxud bunu bir mesaj kimi deyib. Mən hesab edirəm ki, hər bir xalqını, vətənini, dövlətini sevən adam heç olmasa o ictimai mənafeyi gözləməlidir. Prezidentin Bakı Dövlət Universitetinin 100 illik tədbirində bir çıxışı var. Deyirdi ki, bu tərbiyə məsələsi ideoloji məsələdir və tərbiyə məsələsini biz yeni müstəviyə qaldırmalıyıq. Bu mesaj elə-belə verilməyib. Ona görə bu saat bizim təhsilimizin əsas vəzifələrindən biri təhsilin tərbiyəvi aspektini gücləndirməkdir ki, elə uşaqlarda məktəb dövründən milli şüur yaransın, milli mənlik, vətənpərvərlik, dövlətçilik və ictimai mənafeyə xidmət etmək düşüncəsi formalaşdırılsın. Biz də bu cür halların, yəni  dövlət mənafeyini, ictimai mənafeyi, şəxsi mənafeyə qurban vermək hallarının şahidi olmayaq. Olsaqda,  imkan daxilində bu kimi hallar minimuma endirilsin”, - deyə Nadir İsrafilov bildirdi.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən