Müharibə veteranı ali məktəbdə ödənişsiz təhsil ala bilərmi? - Deputatdan AÇIQLAMA
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, əhalinin sosial həssas qrupuna aid daha iki kateqoriyadan olan tələbələr - ailə başçısını itirməyə görə əmək pensiyası alanlar və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər -Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial təhsil tələbə krediti almaq hüququna malik şəxslərin siyahısına əlavə edilmişdir.
Bəs, Vətən müharibəsində iştirak etmiş veteranlar ümumiyyətlə, təhsil haqqından azad oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, dövlət həm şəhid ailələri, həm qazilərimiz üçün lazım olan, davamlı olaraq müxtəlif tədbirləri, addımları atır.
Onun sözlərinə görə, maliyyə yardımları ayrılarkən, onların düzgün istiqamətə və səmərəli istifadəsini də nəzərə almalıyıq:
“Mən hesab edirəm ki, hazırkı variantda düzgün olan odur ki, onlar, sosial kredit alsınlar və təhsillərini davam etdirsinlər. Əgər gələcəkdə bu özünü doğruldarsa, arzuolunan nəticəni verərsə, onda siz deyən məsələyə baxmaq olar. Bilirsiniz, bizim bu gün cəmiyyətdə problemimiz nədir? Bunu hamıya şamil etməsək də, bəzən güzəşt kateqoriyasında olan insanlar bu məsələdən bir sıra hallarda düzgün istifadə etmirlər. Yəni yanaşma belə olur ki, onsuz da ödənişsiz təhsildir, "Mən gedib təhsil alacam, dövlət mənim vəsaiti ödəyəcək". Müəyyən mənada bir sıra hallarda bu, məsuliyyətsizliyə də aparır. O baxımdan mən hesab edirəm ki, hazırkı dönəmdə, bu, elə böyük bir vəsait etmir. Gələcəkdə ümumi proses təhlil olunaraq, siz deyən kimi, məsələnin həlli məsələsini nəzərdən keçirmək olar".
Millət vəkili ona da toxundu ki, Azərbaycanda insanlar arasında pulsuz təhsil geniş yayılıb.
"Bu, bəzən yanlış anlaşılır, yəni pulsuz, ödənişsiz təhsil yoxdur. Vətəndaş ödəməsə də, onun pulunu dövlət ödəyir. Yəni hər bir təhsil alan şəxs özü ödəyir, bir də dövlət ödəyir. Kim ki, ödənişsiz oxuyur, özü ödəniş etmir, onun ödənişlərini, onun vəsaitlərini əslində dövlət ödəyir. O baxımdan da, bir sıra hallarda dövlət vəsaitinin səmərəliliyinin qorunması üçün hər bir məsələyə daha diqqətlə, daha həssas yanaşmalıyıq ki, vəsaitlərdən səmərəli istifadə olunsun", - deyə C.Məmmədov qeyd etdi.
Həmidə İbrahimova












