Sinif otaqlarında kamera quraşdırılsın - Ekspert: "Valideynlər müəllimin nədən danışdığını bilməlidir"

 15:14 30.12.2022     3085

Son zamanlar sosial şəbəkələrdə şagirdlərin nadincliyi, nizamsızlığı, dərsi pozmaları, bir-birinə qarşı kobudluğu ilə bağlı videolarla tez-tez rastlaşırıq. Yayılan videoların çoxunda şagirdlərin müəllimə qarşı etik olmayan şəkildə dərsin gedişinə mane olduqlarını müşahidə edirik. Yaxud da müəllimin şagirdlərə qarşı kobud rəftarını izləyirik.

Bu məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Bəzi insanlar isə problemin həll olunması ilə bağlı maraqlı fikirlər önə sürürlər. Təkliflərdən biri də özəl bağça və məktəblərdə olduğu kimi, bütün orta məktəblərdə sinif otaqlarında kameralar quraşdırılması və valideynlərin övladlarının dərsini bununla izləməyə imkan verilməsidir.

Maraqlıdır, valideynlərin kameralar vasitəsilə övladlarının dərs prosesini canlı izləmə şansı şagirdlərin davranışlarına və dərsin keyfiyyətinə necə təsir edər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, təhsil məktəblərində həm təhlükəsizliyi, həm də tədrisin keyfiyyətini təmin etmək məqsədilə bu olduqca vacib məsələdir. Onun sözlərinə görə, çünki bir çox hallarda istər müəllimlər, istər şagirdlər çox sərbəst hərəkət edirlər:

"Bu gün özəl məktəblərin, bağçaların hər birində bu imkanlar var ki, valideynlər evdə oturub telefon, planşet, kompüter vasitəsilə övladlarının sinfini izləyə bilirlər. Mən hesab edirəm ki, Elm və Təhsil Nazirliyi özünün yaratdığı hansısa bir QHT-yə və ya dostlarına 200 000 manat qrant layihəsini ayırmaqdansa, bizim məktəblərimiz kamera ilə təsis olunsa, bu həm neqativ halları birmənalı olaraq aradan qaldırar, eyni zamanda, müəllimlər daha keyfiyyətli dərs keçməkdə maraqlı olar. Hətta mən düşünürəm ki, səsli kameralar belə olmalıdır. Yəni valideynlər müəllimin hansı dərsi keçdiyini, nədən danışdığını, onların hər birini bilməlidirlər. Bu, çox vacib bir məqamdır. Çox təəssüflər olsun ki, bizdə təhsilin keyfiyyətinin artırılması adı altında milyonlarla vəsaiti səpirlər. Amma hər hansı bir keyfiyyətli işə pul ayrılmır. Bu, ciddi bir qüsurdur. Biz məktəblərə, təbii ki, kameraları quraşdıranda uşaqlar nə orada “TikTok” videoları çəkəcəklər, nə dərsin gedişini pozacaqlar, nə də müəllimlər özlərinin şəxsi problemlərini dərsdə danışmayacaq. Hər kəs məsuliyyətli olacaq ki, istənilən bir vaxt valideyn, məktəb rəhbərliyi izləyəcə. Bircə Elm və Təhsil Nazirliyi onları izləməyəcək. Çünki onların ümumiyyətlə, təhsillə maraqlanmağa vaxtları yoxdur. Yəni istənilən valideyn bunu izləyə biləcək. Orada ancaq şagirdin kodu ilə daxil olmaq mümkün olacaq ki, biz ancaq öz övladımızın sinfini izləyək".

Ekspertin fikrincə, valideynlər üçün bu imkanı vermək lazımdır.

"Hesab edirəm ki, biz bu addımı atmağa gecikmişik”, - deyə K.Əsədov bildirdi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən