"Bəs, yerdə qalan fənlərdən kim imtahan verəcək? - Ekspertdən Məleykə Abbaszadəyə DƏSTƏK
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının erkən keçirilməsinə görə şagirdlərin davamiyyətinin aşağı düşməsi məsələsinə münasibət bildirib.
Sədrin sözlərinə görə, şagirdlər buraxılış imtahanı verdikdən sonra tədris ilinin sonuna qədər dərsə getməlidir:
“Çünki mövzular var və tədris davam edir. Həmin mövzular da qəbul imtahanlarında istifadə edilir. Buna görə də şagird o mövzuları mənimsəməlidir”, - deyə M. Abbaszadə vurğulayıb.
Maraqlıdır, buraxılış imtahanından sonra şagirdin dərsə getməsinin əhəmiyyəti nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, buraxılış imtahanlarından sonra da uşaqlar dərsə getməlidirlər.
O, hesab edir ki, bu, vacibdir:
"Çünki yekunda onlar dövlət nümunəli sənəd almalıdırlar. Hansı ki, attestat almalıdırlar və onun verilməsi təkcə buraxılış imtahanından asılı deyil. Yəni sənəddə müxtəlif fənlər var. Həmin fənlər üzrə şagirdlərin ümumi qiymətləri öz əksini tapmalıdır. Əgər, şagirdin ümumi qiymətləri müvafiq olaraq yaxşı, əla və ya kafi olaraq qiymətləndirilsə, ona dövlət sənədi təqdim olunmalıdır. Yox, əgər qeyri-kafi alırsa, o zaman sənəd təqdim olunmamalı və həmin şagirdlər sinifdə saxlanılmalıdır. Amma təəssüf ki, biz bu gün bunu müşahidə etmirik. Əksinə, iki alan şagirdlərə də buraxılış imtahanından yaxşı qiymət aldığı üçün attestat verildiyini müşahidə edirik. Bu isə doğru deyil və nəticə etibarilə şagirdlərin arxayınlaşması ilə nəticələnir. Bu gün Dövlət İmtahan Mərkəzi imtahanı mart ayında keçirir və yaxud imtahan ola bilsin, bəlkə qarşıdakı illərdə yanvar, dekabr ayında keçirilsin. Bunun təhsil prosesinə maneəsini kimsə düşünürsə, yanlışlığa yol verir. Çünki dünyanın müəyyən ölkələrində, məsələn, Fransa və Belçikada imtahanlar daha erkən keçirilir və yaxud imtahanı başqa bir tarixdə də keçirirlər. Fərq etməz. Yəni burada ümumi tədris prosesində hansısa hissələrə qədər mövzu tədris olunursa, onun üzərində qiymətləndirmənin həyata keçirilməsi mümkündür".

Ekspert qeyd etdi ki, bu gün əgər Elm və Təhsil Nazirliyi tədris başa çatmadan müvafiq böyük summativ və kiçik summativ qiymətləndirmələr həyata keçirirsə, şagirdlərin qiymətləndirilməsi aparılırsa, eyni qaydada Dövlət İmtahan Mərkəzində də imtahan keçirilir.
"Sadəcə bu, buraxılış imtahanıdır. Şagird buraxılış imtahanı verirsə, o demək deyil ki, attestatını verək yola salaq. Xeyr. O, müvafiq olaraq üç fənn üzrə - Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə imtahan verir. Yəni şagirdin həmin tədris aldığı fənlər üzrə biliklərinin üç fənn üzrə yoxlanılır və bu yoxlanma əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən həmin şagirdin gələcəkdə gedəcək istiqamətləri müəyyənləşdirilir, yəni şagird müvafiq müsabiqə şərtini ödəyərsə, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə və yaxud 11 illik bazadan orta təhsil müəssisələrinə, yəni kolleclərə gedə bilər. Təbii ki, bu da o halda gedə bilər ki, müvafiq dövlət nümunəli sənədi alsın. Dövlət nümunəli sənəd attestat dediyimiz həmin sənəddir. Həmin sənədi aldığı halda, təbii ki, onlara icazə verilir”, - deyə E.Əfəndi qeyd etdi.
Buraxılış imtahanlarından sonra şagirdlərin davamiyyəti məsələsinə gəlincə, həmsöhbətimiz hesab edir ki, məktəblilərin dərsə davamiyyəti mütləq olmalıdır:
“Cari ilin məzunlarının 5 və 19 mart tarixlərində buraxılış imtahanı verəcəkləri artıq açıqlanıb. O zaman biz arxayın olaq ki, martda imtahan verdik daha məktəbə getməyək. Bəs yaxşı, yerdə qalan digər fənlər? Bunlardan kim imtahan verəcək? Tutaq ki, şagird dərsə davam etmədi. Bəs, şagirdin ümumi davamiyyəti olmadığı halda müəllim hansı əsasla ona 5 və ya 4 yaza bilər? Yəni belə olduğu halda təbii ki, burada bütün məsuliyyət düşür Elm və Təhsil Nazirliyi və onun regional təhsil bölmələrinin, idarələrinin və eyni zamanda onların da tabeliyində olan məktəb rəhbərlərinin, yəni direktorların üzərinə. Onlar davamiyyət prosesini təşkil etsinlər, nəzarət etsinlər və həmin qiymətləndirmə də tam obyektiv həyata keçirilsin. Mən Məleykə xanımın fikrinə haqq qazandırıram. Kimsə iddia edirsə ki, bu şagirdin davamiyyətinə təsir edir, yəni bu olduqca primitiv və yanlış düşüncədir”.
Nərmin VÜQARQIZI












