"Qarşılarına məqsəd qoyublar ki, bütün yaşlı nəsilləri təhsildən uzaqlaşdırsınlar" - Deputat

 15:33 28.12.2022     1775

“Yaşlı müəllimlərin hamısının tədrisdən uzaqlaşdırılmasının tərəfdarı deyiləm. Mən bunu yanlış hesab edirəm. Müəyyən insanlarda elə baxış var ki, sanki yaşlı nəslin hamısı pisdir və biz hamısını uzaqlaşdırmalıyıq. Mən bunu kökündən yanlış hesab edirəm. Düşünürəm ki, yaşlı nəslin təcrübəsini gənc nəslə ötürməliyik. Yəni, baxın, bu vacib bir məsələdir”.

Bu sözləri sosial mediada yaşlı müəllimlərin tədrisdən kənarlaşdırılması mövzusunda aparılan müzakirələr barəsində Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsli komitəsinin üzvü, deputat Ceyhun Məmmədov dedi. Onun sözlərinə görə, dünyada belə bir təcrübə var ki, bir mütəxəssis vəfat edənə kimi onun təcrübəsindən istifadə edilir.

“Yəni o bir mütəxəssis kimi, tutaq ki, müəllim kimi təqaüdə çıxırsa, artıq növbəti mərhələdə bir araşdırmaçı, təlimçi, ekspert kimi ümumi təhsilimizə töhfə verə bilər. Yəni biz bunun üzərində işləməliyik və bu, çox önəmlidir. Son vaxtlar yaşlı nəslə bütövlükdə qənim kəsiliblər və qarşılarına məqsəd qoyublar ki, bütün yaşlı nəsilləri təhsildən uzaqlaşdırsınlar. Əgər onun fəaliyyətində neqativlik varsa, o aradan qaldırılmalıdır. İkinci də, yəni 65 yaşında müəllimlərin içərisində çox sağlam və gümrah olanlar var. Mən hesab edirəm ki, bu gün yaşlı nəslin təcrübəsindən bəhrələnməli, istifadə etməliyik. Buna hazırda ciddi ehtiyac var”, - deyə Ceyhun Məmmədov vurğuladı.

Nərmin VÜQARQIZI