Milli Məclisdə təhsillə bağlı dinləmə keçiriləcək

 15:48 28.12.2022     932

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev gündəliyə iki məsələnin - “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə üçüncü oxunuşda olan qanun layihələrinin daxil edildiyini bildirib.

Bəxtiyar Əliyev qeyd edib ki, qanun layihələri geniş müzakirə olunub, dünənki plenar iclasda da 6 deputat bugünkü birinci məsələ ilə bağlı çıxış ediblər. Komitə sədri deputatların təhsillə bağlı qaldırdıqları məsələlərə aydınlıq gətirib. O, Milli Məclisin spikeri Sahibə Qafarova tərəfindən təhsil sahəsində deputatları və seçiciləri narahat edən məsələlərlə bağlı parlamentin növbəti sessiyasında dinləmənin keçirilməsi təklifinin verildiyini qeyd edib.

Bəxtiyar Əliyev bildirib ki, müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (üçüncü oxunuş) təhsilalanların ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, akademik məzuniyyət götürmək kimi hüquqları geniş şəkildə təsbit olunub. Bu hüquqların gerçəkləşdirilməsi üçün mexanizmləri nəzərdə tutan qaydaların müəyyənləşdirilməsi isə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir.

2