Müəllimlərin sertifikasiya imtahanının statistikası AÇIQLANDI

 16:30 29.12.2022     236

Elm və Təhsil Nazirliyi 2022-ci il üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanının statistikasını açıqlayıb.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, ilk dəfə cari ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar.

Test mərhələsinə dəvət edilən 11 min 665 nəfərdən 11 min 211-i imtahanda iştirak edib. Onlardan 8 min 843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8 min 784 nəfər təhsilverən iştirak edib və onlardan 8 min 751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

Sertifikatlaşdırmadan keçmiş 3 min 127 müəllimin vəzifə maaşına 35 faiz, 5 min 624 təhsilverənə isə 10 faiz əlavələr edilib.