“Adını direktor, müəllim qoyan insan necə məktəbə biznes obyekti kimi baxa bilər?” - Deputat SƏRT DANIŞDI

 17:52 06.01.2023     4408

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda daha bir məktəb direktorunun rüşvətlə bağlı səs yazısı yayılıb.

Naftalan şəhəri İ.Nəsimi adına 1 saylı məktəbin direktoru Vəfa Hüseynova qrupa səs ataraq şagird və valideynlərdən summativ qiymətlərinin yazılması üçün pul tələb edib.

Dəfələrlə mətbuatda, sosial şəbəkələrdə direktor və ya müəllimlərin rüşvətlə bağlı səs yazıları yayılsa da, başda mətbuat olmaqla, cəmiyyət və toplum tərəfindən həmin şəxslər sərt tənqidlərə məruz qalsalarda da, məktəblərdə bu tendensiya hələ də davam edir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı, parlamentin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov təəssüflə qeyd etdi ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bir sıra məktəblərdə belə səs yazıların şahidi oluruq.

“Yəni söhbət ondan gedir ki, zaman-zaman hansısa formada bizim məktəb direktorları bu və ya digər formada müəllimlərdən və ya şagirdlərdən hansısa vəsaitlərin alınması ilə bağlı səs atırlar və bu səslər yayılır. Düşünürəm ki, biz bütün məktəbləri diqqətlə yoxlamalıyıq. Birincisi, hər insanı direktor təyin etmək olmaz. Yəni direktor tam diqqətlə yoxlanılmalı, araşdırılmalı, onun əvvəlki fəaliyyətinə baxılmalıdır. Hətta hesab edirəm ki, onu hüquq mühafizə orqanları belə yoxlamalıdır, ondan sonra direktor təyin olunmalıdır. Ümumiyyətlə, son vaxtlar, yəni bu gün də təəssüf ki, bir sıra məktəblərimizə direktor təyinatı düzgün həyata keçirilmir və nəticədə də biz belə hallara rast gəlir. Yəni məktəb direktoru direktor vəzifəsinə pul yığmaq üçün yox, təhsili gücləndirmək, təhsilin səviyyəsini artırmaq üçün gəlməlidir və əsas meyar bu olmalıdır. Əslində bunu müəyyənləşdirmək o qədər də çətin deyil ki, hansı məktəb direktoru nə ilə məşğuldur və nə iş görür. Yəni açığı, hər dəfə mediada, mətbuatda belə xəbərləri eşidəndə bu, mənə çox təsir edir. Yəni bir məktəb direktoru, adını müəllim qoyan insan necə gedib məktəbə biznes obyekti kimi baxa bilər, müəllimlərdən, şagirdlərdən bu vəsaitləri yığa bilər? Yəni bu onu göstərir ki, təəssüf ki, belə hallar var və bunun qarşısının alınması üçün real və ciddi addımlar atılmır”, - deyə deputat vurğuladı.

Ceyhun Məmmədovun fikrincə, həm müəllimlərin işə qəbulunda, həm də direktorların təyinatında hələ də problemlər mövcuddur:

“Yəni bir müəllim bal toplaya bilər, imtahandan keçə bilər, amma bu müəllim o demək deyil ki, gedib məktəb direktoru işləyə bilər. Onun əvvəlki fəaliyyətinə baxılmalı, araşdırılmalıdır. Direktor təyinatında tapşırıqlar, kiminsə qohumluğu, kiminsə yaxınlığı nəzərə alınmamalıdır. Yəni burada şəffaf, tam obyektiv bir proses həyata keçirilməlidir ki, biz belə hallarla rastlaşmayaq".

Millət vəkili təəssüflə bildirdi ki, bu hadisə təkcə Naftalanda yox, Azərbaycanın bir çox bölgələrində baş verir.

"Bir müddət bundan əvvəl dəfələrlə, hətta Bakının özündə də bununla bağlı səs yazıları yayıldı. Bizim məktəb direktorlarının, yəni bunu hamı haqqında demək olmasa da, az olmayan sayda direktorlar bu çirkin əməllərlə məşğuldurlar. Təəssüf ki, bəziləri məktəbə biznes obyekti kimi baxırlar və bu da bizim təhsilimizə çox ciddi ziyan vurur. Biz bunun kökünü kəsməliyik. Təhsil olan yerdə rüşvət olmamalıdır. Təhsil olan yerdə əgər rüşvət olacaqsa, orada təhsil olmayacaq. Orada meyar, təhsil olmayacaq. Orada meyar başqa məsələ olacaq. Ona görə də, bununla bağlı çox ciddi tədbirlər görülməlidir. Cinayət tərkibi varsa, həmin insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, digərlərinə də dərs olsun. Yəni əgər bir məktəb direktoru bunu edirsə və işdən azad olunursa, bu, yetərli deyil. Belə halların baş verməməsi üçün konkret cəzalar olmalıdır. İnsanlar görməlidir ki, filankəs bu əməli törətdi, bu cəzanı aldı və ona görə də, həmin işi görməməlidirlər”, - deyə o bildirdi.

Nərmin VÜQARQIZI