Gənclərimiz niyə xarici ölkələrdə oxumağa üstünlük verir?

 16:57 09.01.2023     5837

Hər il yüzlərlə tələbə xaricdə təhsil almaq üçün başqa ölkələrə üz tutur. Bəziləri ölkəmizdə dövlət universitetlərinə qəbul ola bilməyib xaricə üz tutsa da, bir qism tələbə isə keyfiyyətli təhsili üstün tutaraq xarici ölkələrdə təhsilini davam edir. Bəzi gənclər isə təhslini başa vurduqdan sonra ölkəyə belə qayıtmırlar.

Bəs, xaricdəki təhsilin bizdəkindən fərqi nədir? Niyə gənclər xarici ölkələrdə oxumağa üstünlük verir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanda xarici ölkələrə oxumağa gedənlər əsasən ölkəmizdə keçirilən qəbul imtahanlarında yetərli bal toplamayanlardır.

Onun sözlərinə görə, hal hazırda Azərbaycandan kənarda təhsil alan azərbaycanlıların sayı 42 min nəfərdən çoxdur və bunun 23 minə qədəri qardaş Türkiyənin payına düşür:

“Əvvəllər düzdür, müharibə şəraiti yox idi, Ukraynada təhsil alırdılar. Eyni zamanda Rusiya və Gürcüstana da təhsil almağa gedirlər. Amma biz baxsaq, son 10 il ərzində xarici ölkələrə getməkdə ciddi fərq formalaşıb. Yəni qeyd etdiyim kimi, birinci kateqoriya Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamayanlardırsa, ikinci kateqoriya isə Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplayıb, amma qəbul olduğu ixtisas onu qane etməyib və xarici ölkələrdə təhsil almağa gedənlərdir. Biz baxırıq ki, məsələn, 10 il bundan əvvəl insanlar daha çox Ukraynaya, Gürcüstana, Rusiyaya rahat yolla diplom almağa gedirdilərsə, indi artıq diplomların tanınması ilə bağlı proses o qədər şəffaflaşıb ki, qayıdıb gələndən sonra diplomun tanınması ilə bağlı artıq biliklər yoxlanılır. Eyni zamanda, işəgötürənlər daha savadlı insanları axtarırlar”.

Təhsil ekspertinin fikrincə, bu gün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasının digər səbəbi orada keyfiyyətli və daha ucuz qiymətə təhsil ala bilmələridir.

“Məsələn, Azərbaycan ali təhsil müəssisələrində ortalama təhsil haqqı 3000 manatdır. Amma qardaş Türkiyədə hətta Əskişəhər, İzmir, Çorum və yaxud da ki, Düzcədə 400-500 manata illik təhsil haqqı ilə təhsil ala bilərsiniz. Onsuz da burada da, kirayədə qalırsınız, orada da. Xərcləriniz burada da var, orada da. Məsələ keyfiyyətli təhsil almaqla bağlıdır. Yəni onların məzunları qayıdıb gələndən sonra iş təminatı daha üstün rola malikdir. Bu gün baxsaq, Azərbaycanın nazirliklərində, məsələn Elm və Təhsil Nazirliyinin rəhbər postlarında, demək olar ki, hamısı xarici ölkələrdə təhsil alan şəxslərdir. Düzdür, burada artıq paradoks yaranır ki, belə çıxır Azərbaycan ali təhsil müəssisələrinə məzunlar lazım deyil. Azərbaycan ali təhsil müəssisələrinin məzunları ancaq restoranlarda ofisiant, marketlərdə kassir və yaxud da mühafizəçi olaraq lazımdır. Mən düşünürəm ki, bu gün biz ali təhsilin keyfiyyətini qaldırmasaq, məzunlar daha kütləvi şəkildə xarici ölkələrə üz tutacaq, çünki ucuz və keyfiyyətli təhsil alırlar. Bu, Azərbaycandan kənara ciddi şəkildə beyin axını, maliyyə axını deməkdir. Düşünürəm ki, biz öz ali təhsil müəssisələrimizin keyfiyyəti arxasında daha maraqlı olmalıyıq”, - deyə K.Əsədov vurğuladı.

Həmidə İbrahimova