“Müəllim bu gün tərbiyə etmək funksiyasını öz üzərindən atıb” – Deputat

 15:52 07.01.2023     1082

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində qətl hadisəsi baş verib.

Məlumata görə, qəsəbədəki orta məktəbin 17 yaşlı şagirdi Tuncay Abdullayev və həmkəndlisi olan digər şagird Rəhman Süleymanov tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, qətl məktəbdə tənəffüs zamanı qeydə alınıb.

Məktəbdə tənəffüs zamanı belə hadisənin baş verməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirdi ki, məktəbdə şagirdin üzərində soyuq silah daşıması olduqca narahatedici haldır.

“Bu məsələlər bizi çox narahat edir. Şagirdin üzərində bıçağın - soyuq silahın nə işi var? Müəllim hiss etməyib ki, onun üzərində deşici alət var?  Məktəblərin girişində mühafizəçilər olur. Onlar da görməyiblər? Bizim bəyənmədiyimiz SSRİ vaxtında gənclərin, yeniyetmələrin üzərində bıçaq aşkar edildikdə onu məsuliyyətə cəlb edirdilər. İndi təsəvvür edin ki, bu, birinci belə hal deyil. Bir neçə dəfə belə hadisələrin şahidi olmuşuq. Müəllim bu gün tərbiyə etmək funksiyasını öz üzərindən atıb. Bəhanə edirlər ki, müəllimin məvacibi azdır deyə, o, yalnız dərsini deməklə kifayətlənir. İndi elə hesab edirlər ki, bu, müəllimin bu imkanları xaricində ola bilər. Elə dövrlər olub ki, müəllimə qəpik-quruş veriblər, amma o, özünün məsuliyyətini hiss edib, üzərinə düşən missiyanı daşıya bilib. Bu gün görünür ki, valideynlərlə müəllimlər arasında tərbiyə , şagird davranışı, dərslərə davamiyyəti nizama salmaq üçün əlaqələr çox zəifdir. Bu, heç yaxşı hal deyil. Heç vaxt rast gəlməmişəm ki, məktəb rəhbəri, valideyn komitələri bir dəfə də olsa, maarifçilik təbliğatı aparsınıar; uşaqlar məktəbə kəsici, deşici alət ilə daxil ola bilməzlər”, - deyə deputat qeyd etdi.

Onun sözlərinə görə, bu gün məktəb müəllimləri dərsini deyib qurtaran kimi gedib repititorluq ilə məşğul olurlar, amma məktəbin daxilində özünün tərbiyə funksiyasına, şagird davranışına diqqət yetirmirlər:

“Biz hər dəfə deyirik, məktəblərdə psixoloqlar çatışmır. Psixoloqları hansı ali məktəb yetişdirir? Biz bilirik ki burada psixologiyanın tədrisinin səviyyəsi hansı vəziyyətdədir. Yəni, onları psixoloq adlandırmaq olar, yoxsa olmaz? Bu cür problemlər var. Məktəbləri kənardan bir müşahidə edin, göröcöksiz ki, şagirdlərin davranışına mütləq nizam, intizam olmalıdır. Bu nizam intizamı yaradan ilk subyekt müəllimlərdir. Eyni zamanda müəllimlər valideyn ilə qarşılıqlı işləməlidir”, - o vurğuladı.

Deputatın fikrincə, informasiya və kommunikasiya texnologiya (İKT) alətləri xeyli dərəcədə uşaqların psixologiyasına təsir göstərir:

“Yəni bu alətlərdən istifadə şagird mübahisələrinin çox sürətləndirir. Bu məsələni heç kim dərindən öyrənmir. Ola bilsin psixoloqlar öyrənirlər, amma maariflənmə çox zəifdir. Yəni bu alətlər mübahisələrin yaranmasına çox ciddi təkan verir. Bu təhlükədir. Bütün dünya bunun istifadəsini məktəb yaşında maksimum məhdudlaşdırmağa çalışır. Gəncləri, yeniyetmələri daha çox kitablarla işləməyə, kompüterdə yeni biliklərin axtarılmasına yönəldirlər.

Mən bu hadisəyə çox üzüldüm. Yəni şagirdin şagirdi məktəbdə bıçaqlaması çox pis haldır. Fikir verin, dərs bitəndə, hətta qaranlıq düşəndə məktəblərin həyətində nə qədər şagird olur. Onlar orada nə işlə məşğul olur? Dərs vaxtı qurtarıbsa, şagird ya evdə olmalıdır, ya da hazırlıqda”.

Nərmin VÜQARQIZI