"Sənə töhmət verən yaramazlardan qətiyyən qorxma" - Deputat müəllimin müdafiəsinə qalxdı - VİDEO

 14:06 09.01.2023     3021

"İmişli rayon Aranlı kənd məktəbinin müəlliməsi bir neçə gün öncə sosial şəbəkədə həyəcan qaldırıb ki, məktəbdə tualet bərbad gündə olduğundan azyaşlı uşaqlar əziyyət çəkir. Bu səbəbdən də onların məktəbə gəlməsini məqbul saymayıb. Həmin müəllimə bu yolla çox vacib bir problemi ictimailəşdirib".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Millət vəkili daha sonra deyib:

"Doğrudan da, öz uşağınızı təsəvvür edin, belə bir məktəbə necə rahatlıqla gedə bilər? Bu cəsur və qeyrətli müəlliməyə əhsən! Sağ ol, Azərbaycanın ləyaqətli və övladlarımızın taleyinə biganə qalmayan müəlliməsi! Sənə töhmət verən yaramazlardan qətiyyən qorxma, ver məhkəməyə, hüquqi müdafiəniz üçün nə lazımsa şəxsi vəsaitim hesabına bütün dəstəyi verəcəyəm. Bir də danışın, kəndin nüfuzlu və dürüst adamlarından bir neçəsi qabağa düşsün, o məktəbin tualetinin tikintisi üçün tanıdığım imkanlı adamlara müraciət edəcəyəm ki, yardım etsin. Öz maaşımdan da bu tikintiyə yardım edəcəyəm. Təcili bu problem həll olunmalıdır. Təki Azərbaycan övladları təhsildə ger qalmasınlar. Bir dəfə də orta məktəb müəlliminə uşaqların qeyri-etik davranışına görə töhmət verilmişdi, o zaman da bunun yanlış oldğunu söyləmiş və həmin müəlliməni müdafiə etmişdim".

Fazil Mustafa bu məsələ ilə bağlı elm və təhsil naziri Emin Əmrullayevə də müraciət edib:

"Hörmətli elm və təhsil naziri Emin müəllimə müraciət edirəm, müəllimə qarşı bu təzyiq formasını şəxsən araşdırıb, lazımi tədbir görsün. Müəllim təhsilin keyfiyyətinə mane olan problemi ictimailəşdirib, ona təşəkkür etmək yerinə, utanmadan töhmət verilir. Müəllimləri belə rahat və keyfi şəkildə əzmək, gözüqıpıq duruma salmaq yolverilməzdir. O müəllimi tanımıram, adını da bilmirəm, ancaq müəllimin kim olduğunu və hansı dəyərə sahib olduğunu şükürlər olsun ki, yaxşı bilirəm".

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində Leyla müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Bundan sonra Leyla müəllim videomüraciət yayaraq məktəb direktorunu banda yaratmaqda ittiham edib. Həmin videoları təqdim edirik:

T.İSMAYIL