"Məktəblərdə, universitetlərdə tualet problemi ciddidir" - Günel Səfərova

 16:16 09.01.2023     920

Xəbər verdiyimiz kimi, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Maraqlıdır ki, videonu paylaşan Leyla müəllim məktəb direktoru tərəfindən cəzalandırılıb. Belə ki, ona töhmət elan edilib. Bu da təbii ki, ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. 

Bəs, həmin müəllimə verilmiş töhmət ləğv edilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, hüquqşünas Günel Səfərova bildirdi ki, İctimai Şura olaraq nazirliyə, Regional Təhsil İdarəsinə sorğu göndərilib və sorğunun nəticəsini gözləyirlər.

Onun sözlərinə görə, sorğu gələndən sonra bu məsələ İctimai Şurada müzakirə edilməlidir:

“Siz bilirsiniz ki, İctimai Şura kollegial qurumdur. Yəni doqquz nəfər üzvümüz var. Mən sədrəm deyə, rəsmi mövqe verə bilərəm. Amma ki, biz bunu müzakirə edib və qərarlaşdırıb açıqlamanı verməliyik. Axşama çox güman ki, biz açıqlamanı hazırlayacağıq, çünki bizim sorğumuza cavab gəlməyib. Mənim bu məsləyə söylədiyim şəxsi fikrim olacaq. Mənim fikrimcə, çox təəssüf olsun ki, məktəblərdə, universitetlərdə, ümumiyyətlə, iaşə obyektlərində sanitariya problemlərii, yəni tualet problemləri, onların təmizliyi, istifadəsi və sairə ciddidir. Bu problem təkcə məktəblərə xas olan məsələ deyil. Amma, əsasən, ictimai yerlərdə çox təəssüflər olsun ki, bu infrastruktur istifadəyə yararsızdır".

G.Səfərova qeyd etdi ki, onda olan ilkin məlumata əsasən, 2023-cü ildə Aranlı kənd məktəbinin yerinə yeni məktəbin tikilməsi planı var.

"Digər hüquqi addımlarla bağlı mənim əlimdə konkret hüquqi faktlar yoxdur. Ona görə, bizə sorğuya cavab gələndən sonra Həmkarlar İttifaqından olan üzvlərimizlə açıqlama edəcəyik ki, baxaq görək, o müəlliməyə töhmətin verilməsi hüquqa əsaslanır, qanuna əsaslanır, yoxsa yox? Çünki töhmətdən qabaq biz bilirik ki, bu məktəbin iclası keçirilməlidir və pedaqoji heyət burada iştirak etməlidir. O müəllimin əvvəlcə hansı hərəkətlərində, xəbərdarlıq elementləri olub və ya olmayıbmı, biz bunları araşdırmalıyıq, araşdırandan sonra ümumi açıqlama verəcəyik”, - deyə Şura sədri bildirdi.

Həmidə İbrahimova