"Leyla müəllim Elm və Təhsil Nazirliyinin yarıtmaz fəaliyyətini ortaya qoyub" - AÇIQLAMA

 16:52 12.01.2023     2083

“Bu, Elm və Təhsil Nazirliyinin siyasətinin əsasını təşkil edir. Kimlər ki, onların problemlərini qabardır, əskiklərini, yaramaz fəaliyyətini işıqlandırırsa, onlara qarşı səlib yürüşü həyata keçirmək artıq ənənə halını alıb".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində sanitar qovşağın olmadığı ilə bağlı video çəkib sosial mediada paylaşan məktəbin müəllimi Leyla Nəcəfquliyevanın həmin məktəb kollektivi tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı danışarkən bildirdi.

Ekspert qeyd etdi ki, vaxtilə məktəblər barədə hər hansı problem aşkar olunan zaman, bu məsələlər araşdırılıb həll olunardı. İndi isə Elm və Təhsil Nazirliyi problemi ört-basdır etmək üçün media ilə sövdələşməyə gedir:

"Əvvəllər bu belə deyildi, hər hansı bir şəxs təhsil prosesində baş verən çatışmazlıqlarla, bu və ya digər neqativ halla bağlı məlumat verərdisə, bu məsələ araşdırılar və həll olunardı. Amma son iki il ərzində görürük ki, Elm və Təhsil Nazirliyi bütün televiziyalara və bir çox saytlara, mətbu orqanlara müraciət edir ki, təhsillə bağlı neqativ məlumatlar verməsinlər. Qarşılığında isə onlara qrant layihələrdə müəyyən qədər pul, xahiş və tapşırıqlarla işlərini həll etmə vədi verirlər. Amma təbii ki, Elm və Təhsil Nazirliyinin əlinin çatmadığı yerlər də var. Bunlar da təbii ki, sosial şəbəkələrdir. Buna görə də insanlar təhsil sahəsində baş verən çatışmazlıqları, məmurların fəaliyyətindəki neqativləri məhz orada işıqlandırırlar. Leyla müəllim də məhz bu imkandan istifadə etdi, məktəbdəki yarıtmaz fəaliyyətlə bağlı bizim gələcəyimiz olan uşaqların normal təhsil almaq imkanı olmaması ilə bağlı bir məsələni işıqlandırdı və həqiqətən də, bu məsələ ölkə gündəmini zəbt edə bildi”.

Kamran Əsədovun fikrincə, baş verənlər Azərbaycan təhsilinin və onun idarə edilməsinin real vəziyyətidir.

“İnsanlar problemlə qarşılaşıblar, müəllimlərin problemi var və onun direktoru, onların rayon təhsil sektoru, regional təhsil idarələri və sonda Elm və Təhsil Nazirliyi problemləri dinləmək, həll etmək istəmir. Onların başları qarışıb ancaq pul yığsınlar, dost-tanışlarını vəzifəyə təyin eləsinlər. Bilirsiniz, çox təəssüf ki, mən də dünəndən bəri kifayət qədər müraciətlər almışam ki, müəllimi sıxışdırırlar. Bunlar kimlərdirlər? Onlar direktorun ətrafında olan və direktorun nəyinsə qarşılığında böyük dərs saatlarını qanunsuz olaraq verdiyi müəllimlərdir. Bu və ya digər imtiyazlar tanıdığı müəllimlərdir ki, onlar müəlliməni sıxışdırırlar. Çox təəssüflər olsun ki, müəllimlərin hüquqlarını müdafiə etməli olan azad həmkarlar təşkilatları, müəllim həmkarları, təəssüf ki, Leyla müəllimi müdafiə etmirlər. Bu, dəhşətli bir haldır. Bilirsiniz, indi Leyla müəllimə edilənlər sabah digər bir müəllimə ediləcək. Hesab edirəm ki, müəllim birliyi olmalıdır. Müəllimlər böyük ordudur. Onlar öz həmkarlarının haqqını tapdamasına imkan verməməlidir. Müəllim orda hər hansı bir qanunsuz bir iş görməyib. Tamamilə məktəb direktorunun yarıtmaz fəaliyyətini, təhsil sektorunun, Mil-Muğan Təhsil İdarəsinin, Elm və Təhsil Nazirliyinin yarıtmaz fəaliyyətini ortaya qoyub. Və məlum olub ki, bu gün müvafiq qurum, ümumiyyətlə, şagirdlərin normal təhsil alması üçün heç bir mühit, heç bir şərait yaratmayıb. Onlar ancaq ləvazimatları öz məqsədləri üçün istifadə ediblər. Yəni çox təəssüf ki, təzyiqlər var və müəllimlər, həmkarlar təşkilatları öz birliyini nümayiş etdirmir. Amma mən əminliklə deyə bilərəm ki, sonuna qədər müəllimin haqq işinin qorunmasında iştirak edəcəyəm və sonuna qədər onu dəstəkləyəcəm”, - deyə ekspert bildirdi.

Nərmin VÜQARQIZI