Professordan ciddi irad: "Məktəblərin vəzifəsi sanki bir ovuc nəzəri bilik ötürməkdir, tərbiyə isə arxa plana keçib"

 21:57 19.01.2023     2411

Zaman-zaman məktəblərdə baş verən hadisələr, şagirdlərin bir-birinə aqressiv hərəkətləri, müəllim-şagird münasibəti onu göstərir ki, müəllimlər şagirdlərə yalnız təhsil verməklə kifayətlənir. Bu hala təkcə məktəbdə yox, eyni zamanda universitetlərdə də rast gəlinir.

Bəs, necə etmək lazımdır ki, məktəblər və universitetlər eyni zamanda təhsillə yanaşı tərbiyə versinlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan professor, təhsil eksperti Nadir İsrafilov bildirdi ki, bilikli olmaq hələ şəxsiyyətyönümlü vətəndaş olmaq demək deyil.

Onun sözlərinə görə, təhsilin istər orta, istəsə də ali pilləsində bütün göstəricilər yalnız biliklə ölçülür, digər keyfiyyətlər əslində bir növ kölgədə qalmış olur:

“"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. Bununla belə qarşıya qoyulan bu qədər zəruri vəzifələr içərisində istər orta ümumtəhsil məktəblərinin, istərsə də ali təhsil müəssisələrinin vəzifəsi sanki öz yetirmələrinə bir ovuc nəzəri bilik ötürməkdən ibarət imiş. Təhsilin istər orta, istəsə də ali pilləsində bütün göstəricilər yalnız biliklə ölçülür, digər keyfiyyətlər əslində bir növ kölgədə qalmış olur. Niyə? Çünki, biliyin 5 ballıq, 10 ballıq, 100 ballıq, 700 ballıq şkalalar üzrə ölçüyə gələn kriteriyaları var, dgər parametrlərin isə yox. Halbuki, bilikli olmaq hələ şəxsiyyətyönümlü vətəndaş olmaq demək deyil. Başqa sözlə, bilik təhsillalanların nailiyyətlərinin ölçülməsi və təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün yeganə meyar sayıla bilməz. Heç də əbəs yerə deyil ki, kütləvi elmi pedaqoji ədəbiyyatda “təhsilin keyfiyyəti cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya” kimi xarakterizə olunur. Elə götürək orta ümumtəhsil məktəblərini. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə də deyildiyi kimi ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir”.

Təhsil ekspertinin sözlərinə görə, biz hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçürük:

“Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, bal nisbi bir anlayışdır, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Kurikulum ünsiyyət yönümlüdür. Kurikulumun vəzifəsi səriştəyə əsaslanan şəxsiyyət yönümlüdür. Biz vətəndaş hazırlamalıyıq. Mən hələ neçə illər bundan qabaq, təlim və tərbiyənin vəhdətinə dair bəzi mülahizələrimi bölüşərkən dəfələrlə qeyd etmişəm ki, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Məktəblərimizdə və bütövlükdə cəmiyyətimizdə baş verən bir çox arzuolunmaz təzahürlər belə bir qənaətə gəlməyə əsas verir. Tərbiyə işini yeni müstəviyə qaldırmadan təlim-tərbiyənin vəhdəti barədə danışmaq, elə danışıq olaraq da qalacaq. Bu gün biz uşaqlarımızı bilik qazanmağa, elementar tərbiyə elementlərinə yiyələnməyə deyil, hansısa test suallarına cavab tapmağa yönləndirmişik. Ümumtəhsil məktəbinin fəaliyyətinin yeni kompleks qiymətləndirmə meyarları hazırlanmalıdır”.

Professorun fikrincə, ali təhsil müəssisələrində də vəziyyət o qədər də ürəkaçan deyil.

“Əsasnamə tələblərinə əsasən ali təhsil müəssisəsi təhsil, tərbiyə, elm və mədəniyyət mərkəzi kimi hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafını ödəməli, digər təhsil müəssisələri və aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat, idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək, tədris elmi-istehsalat birlikləri yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. Hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Ali təhsil müəssisəsi tərkibində və onun nəzdində bilavasitə profilinə uyğun istehsalat və digər xarakterli (elm, tədris təlim-tərbiyə və s.) müəssisə, təşkilat və idarələr fəaliyyət göstərə bilər. Bütün bu şərtlərin hamısı əmək bazarının tələblərinə cavab verirmi? Versəydi yəqin ki, ali məktəb məzunlarının əksəriyyəti işə qəbul zamanı əlavə problemlərlə üzləşməzdilər, bəxti gətirənlər isə təcrübə keçmək üçün müxtəlif kurslara göndərilməz, təlimlərə cəlb olunmazdılar. Ümumiyyətlə, keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü? Bu barədə dərindən düşünməliyik”.

Həmidə İbrahimova