"Şagirdin yetişməsi üçün hər şey etməliyik, yeri gəlsə döyməliyik" - Şahlar Əsgərov

 19:48 23.01.2023     3371

Xəbər verdiyimiz kimi, Bakıda 59 nömrəli məktəbin 6c sinifində rəzalət yaşandığını əks etdirən görüntü yayılıb.  

Məktəbin dil-ədəbiyyat müəllimi nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr səsləndirərək onlara qarşı şiddət də tətbiq edir. Amma bunun da bir xeyri olmur və sinifdəki xaos pik həddə çatır.

Maraqlıdır, dərsdə nadinclik edən şagirdlərlə bu cür davranış doğrudurmu? Müəllimlər dərsdə “ipə-sapa yatmayan” məktəblilərlə necə davranmalıdır?

Redaktor.az-ın suallarını cavablandıran təhsil eksperti, professor Şahlar Əsgərov xatırlatdı ki, Azərbaycanda təqribən 1 600 000 şagird və 150 000-dən çox müəllim var.

“Şagird və müəllimlərin məktəblərdə kontaktları var. İstənilən çoxluq olan yerdə mübahisə ola bilər; bazarda da, mağazada da, küçədə də ola bilər. B,u təbii haldır, bunu şişirtməyin heç bir əhəmiyyəti yoxdur. Çünki bu, müəllimi hörmətdən salır. İnsanın münasibətlərini ən güclü kompüter belə proqramlaşdıra bilməz. Ən xırda bir şeydən də nəsə doğa bilər, bunun bəzilərinə fikir vermək lazımdır, bəzilərinə yox”, - deyə professor qeyd etdi.

Professorun sözlərinə görə, bu, 30-50 ilə planlaşdırılan təxribatdır:

“Bunun adına "sui-qəsd nəzəriyyəsi" deyilir. Bir var müharibə edirsən, bir də var müharibə etmirsən. Altdan su buraxırsan, 30 ildən sonra bina uçur. Bizim də binamızı uçurmaq istəyirlər, buna görə ayıq olmaq lazımdır. Əgər belə bir hadisə olursa, bunu ictimaiyyət yox, Elm və Təhsil Nazirliyinin borcudur ki, bu məsələni həll etsin və ictimaiyyətə bu haqda məlumat verməsinlər.

Hər bir ailədə qüsur ola bilər. Amma söz var bunu açmaq olar, söz də var onu böyütməzlər. Bu da təqribən böyüdülməyəcək sözdür: Uşağa müəllim şapalaq vurdu. Bu oyunu Sinqapurun başına açmaq istəyirdilər. Amma dövlətin başında duran şəxs dedi ki, məni də məktəbdə müəllim döyüb. Bunun heç bir ziyanı yoxdur. Uşağın yetişməsi üçün hər şey etməliyik. Yeri gəlsə döyməliyik. Bunu deyirəm, amma mən özüm qətiyyən uşaq döymərəm. Yəni 50 il bundan öncə bu, fiziki cəza olaraq mümkün idi. Amma indi fiziki cəza yox, mənəvi cəza ver. Dərsdən çıxar, valideyni çağır və sair. Amma bunlar gizlin olmalıdır. Açıq-aşkar bizi müharibəyə sürüyürlər, biz də gedirik”.

Nərmin VÜQARQIZI