"Məsuliyyəti şagirdlərin üstünə ata bilmərik" - Günel Səfərova yayılan videodan DANIŞDI

 18:54 24.01.2023     609

“Bu görüntülər, əlbəttə ki, çox ürəyi açan bir məqam deyil və təəssüflər olsun ki, bu nə son, nə də ilk video deyil. Amma mənim içimdə bir ümid var ki, biz Məktəbdə Davranış Qaydalarının tətbiqinə başlayanda artıq məktəblərin bir çoxunda bu məsələnin aradan qalxmasının şahidi olacağıq. Bəli, bu məqamlar belə kütləvi deyil”.

Bu fikirləri Redaktor.az-a Bakıda 59 nömrəli məktəbin 6c sinifində dil-ədəbiyyat müəlliminin nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr səsləndirərək onlara qarşı şiddət tətbiq etməsi ilə bağlı danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, hüquqşünas Günel Səfərova deyib.

O xatırlatdı ki, dərs proseslərində 45 dəqiqə müəllimə verilən səlahiyyət müddətidir.

“45 dəqiqəni çox gözəl idarə edən, həm tədris, həm təhsil verən müəllimlərimiz minlərlədir. Amma belə hallar da baş verir. Bu halların baş vermə səbəblərindən biri də valideynlərin uşaqlara doğru istiqamət verməməsidir. Həm də mən açıq aydın görürəm ki, müəllim bu məsələyə nə qədər emosional yanaşsa da, prosesi idarə etmək onun ixtiyarındadır. Videoda əslində qarşılıqlı şiddətdən söhbət gedir. Deməli, orada artıq hörmət faktoru bir az aradan qalxıb. Açığı, o yaş qrupunun müəllimə, müəllimin də o yaş qrupuna münasibəti doğru deyil. Bəli, müəllimlərin özlərinin də psixoloji gərginlikləri olur. Asan bir proses deyil, çətindir. Amma bu sənət onlar tərəfindən seçilmiş bir sənətdir və mən düşünürəm ki, burada hansısa bir tərəfi günahlandırmaq məsələnin ən asan həlli yolu olacaqdı. Biz bu məsələləri həm də anti-bullinq siyasəti ilə bağlı məktəblərdə yeni qaydaların tətbiq edilməsindən, həm də davranış qaydalarının tətbiq edildikdən sonra düşünürəm ki, bu böyük mənada aradan qalxacaq. Mən ümid edirəm, amma əmin deyiləm. Bu prosesə bütövlükdə birtərəfli baxa bilmərik”,- deyə şura sədri bildirdi.

Günel Səfərovanın sözlərinə görə, həm uşaqların tərbiyəsində müəyyən problemlər var ki, onlar kiçik yaş qruplarıdır və məsuliyyət bizim özümüzdə olmalıdır:

“Biz məsuliyyəti uşaqların üstünə ata bilmərik. Həm də görünür, valideynlərlə xeyli ciddi iş aparmaq lazımdır. Bununla bağlı ancaq onu deyə bilərəm ki, bəli, üzr istəmək hansısa məsələləri müvəqqəti həll edə bilər. Amma bir az dərin təhlil aparmaq lazımdır. Bu hadisələrin baş verməsi, açığı, hər yerdə var, olması da anlaşılandır, amma qəbuledilməzdir. Çünki insanlar emosiyalarını idarə etməyi öyrənməlidirlər. Mən müşahidə edirəm ki, burada uşaqları qınadıqları bir çox mövqelər var. Amma uşaqlar da təlim-tərbiyəni böyüklərdən alır. Bu doğru deyil. Mən valideynlərin də bu məsələdə özlərinin çiyinlərini kənara çəkməklərini istəməzdim. Valideynlər, məktəb rəhbərliyi, təlim-tərbiyə üzrə müavin və s. bunların hamısı bu məsələyə cəlb olunmalı idi ki, məsələ həll edilsin”.

Nərmin VÜQARQIZI