Birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

 10:48 25.01.2023     254

Ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir.

Bu barədə Redaktor.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.

Qeyd olunub ki, onlardan 42-də böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur.

Böyük summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə, V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi və təmayülləşmə tətbiq olunmayan X sinfində isə tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə keçirilir. Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.

Böyük summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür. Hər bir fənn üzrə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində təşkil olunan böyük summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.

Qeyd edək ki, rəqəmsal böyük summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə aparılır.

Rəqəmsal böyük summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasından ibarətdir.