Azərbaycanlı şagird ABŞ-da beynəlxalq olimpiadada qızıl medal qazandı - FOTO

 12:00 30.01.2023     935

Yanvarın 21-dən 26-dək ABŞ-da Kopernik Olimpiadasının fizika və astronomiya üzrə qlobal mərhələsi keçirilib.

Redaktor.az xəbər verir ki, ölkəmizi RİCE Universitetində keçirilən olimpiadada Bakıdakı 279 nömrəli məktəbin şagirdi Qəndab Məmmədova təmsil edib. O, 29 ölkənin iştirakçısını üstələyərək birinciliyi əldə edib. Qəndab Məmmədova yarış müddətində öz fəallığı ilə seçilib.

Ötən gün hava limanında Qəndab Məmmədovanı Kopernik Olimpiadasının ölkəmizdə rəsmi nümayəndəsi olan “Global Olympic Center” böyük coşqu ilə qarşılayıb. Qarşılama mərasimində 279 nömrəli məktəbin direktoru və müəllim kollektivi, qalibimizin yaxınları da iştirak ediblər.

Qəndab öz ürək sözlərini də bizimlə bölüşüb. Olimpiada müddətində professorlardan aldığı təlimlər, NASA-da olan gəzintisi xatirində silinməz iz qoyub. NASA-da keçmiş kosmonavtdan aldığı məlumatlar Qəndabı gələcəyini kainatla bağlı sahədə görməsinə gətirib çıxarıb. RİCE universitetində aldığı təlimlər ona həyatda uğur qazanmağın yolunu imtahan nəticəsində, qızıl medallarda yox, təcrübələrdən ibarət olduğunu öyrədib. Qəndab ABŞ-da qonaq olan digər yarışmacılara kəlağayı, təşkilatçılara isə Qələbə rəmzimiz olan “dəmir yumruq” simvolunu hədiyyə edib.

“Global Olympic Center”in rəhbəri Xəyal İbrahimzadə bildirib ki, Kopernik Olimpiadasının riyaziyyat üzrə seçim turunda qalib olmuş istedadlı şagirdlərimiz ölkəmizi iyul ayında ABŞ-ın MIT və Kolumbiya universitetlərində təşkil olunacaq qlobal turda təmsil edəcəklər.