İndoneziya parlamentinin üzvləri ADU-da - FOTO

 10:11 01.02.2023     2423

Yanvarın 31-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla İndoneziya parlamentinin üzvü Muhammad İqbalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Redaktor.az xəbər verir ki, qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən Kamal Abdulla ADU tələbələrinin İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixinə olan marağından danışıb. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət görtərdiyini deyən rektor hər il İndoneziyaşünaslıq ixtisasına qəbul olan tələbələrin bu dili həvəslə öyrəndiyini diqqətə çatdırıb: 

“İki ölkə arasında əməkdaşlığının elm, təhsil, mədəniyyət sahəsində inkişafı müsbət dinamika ilə artmaqdadır.  Bu əlaqələrin qurulmasında müəllim-tələbə mübadiləsinin əhəmiyyətini də vurğulamaq lazımdır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bizim tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər. Azərbaycanda təkcə İndoneziya səfirliyi fəaliyyət göstərmir, burada eyni zamanda İndoneziyasevərlər məkanı var”.

Nümayəndə heyətinin rəhbəri Muhammad İqbal səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçməsi üçün mühüm addımlar atılmaqdadır. Burada fəaliyyət göstərən İndoneziya Araşdırmaları mərkəzi bu baxımdan xüsusi olaraq seçilir.

Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən qonaq bildirib ki, bu, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Görüşdə İndoneziyada ADU-nun Mədəniyyət mərkəzinin fəaliyyət perspektivləri, qarşılıqlı öyrənmə, araşdırma və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar İndoneziya Araşdırmalar Mərkəzində olublar. Mərkəzdə qonaqları ADU-nun İndoneziya ixtisası üzrə təhsil alan tələbələri qarşılayıblar.

2222