Bakıda sertifikasiyadan keçən müəllimlərin maaşı KƏSİLDİ

 12:56 01.02.2023     2275

Bakı şəhərində çalışan müəllimlərin yanvar ayı üzrə əməkhaqqı öz hesablarına köçürülüb. Lakin bir qrup təhsil işçisi maaşların azaldığına şahid olub.

Redaktor.az xəbər verir ki, Bakı şəhərində çalışan və sertifikasiyadan keçən ibtidai sinif müəllimlərinin əməkhaqqının əvvəlki aylarla müqayisədə azalması onlara əsl şok yaşadıb.

Təhsil işçilərinə bu gün məlum olub ki, sertifikasiyadan keçən ibtidai sinif müəllimlərinin əməkhaqqına 1 sentyabr 2022-ci il tarixindən hesablanan artımlar kəsilib.

Bunun səbəbi ilə maraqlanan müəllimlərə mühasibatlıqdan şifahi olaraq bildirilib ki, sertifikasiya üzrə artımlar ayrıca olaraq hesablara köçürüləcək. Guya artımlar hər ay maaşlar veriləndən sonra bir neçə günlük fərqlə hesablara yerləşəcək. Yəni müəllimlər maaşı və sertifiyasiyaya görə artımı ayrı-ayrılıqda alacaqlar.

İbtidai siniflərdə tədrislə məşğul olan müəllimlərə verilən bu cavab ciddi narazılıq yaradıb.

Hələlik məsələyə Elm və Təhsil Nazirliyi tərəfindən rəsmi münasibət bildirilməyib.

Xatırladaq ki, 2022-ci ilin yayında təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırılma prosesinə cəlb olunub.

Birinci proses Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində, habelə Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrində çalışan 11 minə yaxın ibtidai sinif müəllimini əhatə edib.

Yekunda 8 mindən çox təhsilverən sertifikasiya prosesindən keçib.

Prosesin test imtahanı mərhələsində 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına 35 faiz, digər müəllimlərin əməkhaqqına isə 10 faiz əlavələr tətbiq olunub.

Sertifikasiyadan keçən müəllimlər sentyabr, oktyabr, noyabr və dekabr aylarına görə artımı maaşla birgə almışdılar.