Bu şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək - Prezident imzaladı

 18:10 01.02.2023     1704

Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin siyahısı genişləndirilib.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Eyni zamanda, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə biləcəklər.

Analoji dəyişikliklər “Ümumi təhsil haqqında” qanuna da edilib.