Türkiyədəki zəlzələ Azərbaycandan tələbə axınına necə təsir edəcək?

 17:43 15.02.2023     1467

Fevralın 6-da qardaş Türkiyədə baş verən güclü zəlzələlərdə ölkənin 10 vilayətində 7 minə yaxın binanın dağılması və bunun nəticəsində son məlumatlara görə 35 mindən çox insanın həlak olması, 105 mindən çox şəxsin yaralanması ölkəmizdə də böyük üzüntü ilə qarşılandı. Eyni zamanda, Türkiyədə tikilən binaların keyfiyyətsiz olması, türkiyəli qardaşlarımız kimi bizi də ciddi düşündürür. 

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alan və ölənlər arasında azərbaycanlı tələbələr də var. 

Belə ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalaraq vəfat ediblər. Bundan öncə isə azərbaycanlı tələbə bacılar dağıntılar altından sağ çıxarılıb.

Tələbələrimizlə bağlı baş verənlər isə övladlarını gələcəkdə Türkiyəyə təhsil dalınca göndərmək istəyən valideynləri narahat etməyə başlayıb. Bunu sosial şəbəkələrdəki müzakirələrdən də görmək olur. Bildirilir ki, bu ölkədə tikinti şirkətlərinin keyfiyyətsiz binalar tikməsi yəqin ki, digər şəhərlərdə də baş verib və o bölgələrdə də zəlzələ baş verərsə, deməli həmin binalar çökə və insanlar dağıntılar altında qala bilər. 

Azərbaycandan Türkiyəyə hər il çox sayda gəncin ail təhsil almağa getdiyini nəzərə alsaq, bəs, baş verən bu hadisə Türkiyəyə tələbə axınına təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, baş verən hadisə tələbələrin Türkiyəyə gedib təhsil almasına təsir etməyəcək.

Onun sözlərinə görə, təkcə Azərbaycandan Türkiyəyə hər il 6 mindən çox azərbaycanlı gənc oxumağa gedir:

“Bugünkü rəqəmlərdə 25 minə yaxın azərbaycanlı gənc qardaş Türkiyədə oxuyur. Eyni zamanda Türkiyədə oxuyan xarici ölkə vətəndaşlarının sayı 185 min nəfərdir. Orada həyat şəraiti, təhsilin keyfiyyəti, təhsil haqları əlçatan, uğurlu və keyfiyyətlidir. Bədbəxt hadisə həmişə hər yerdə olur. Məsələn, Ukrayna müharibədədir. Bu, yenə də Ukraynaya gedən və ora qəbul olanların sayına təsir göstərmir. Yaponiyada da zəlzələ olur və yaxud da koronavirusun törətdiyi çətinliklər olur. Bədbəxt hadisə bizim ölkəmizdə də ola bilər. Yəni heç kim bundan sığortalanmayıb. Yaxud da mütəmadi olaraq tələbələr arasında Azərbaycanda bədbəxt hadisənin qurbanı olanlar da olur. Yəni, bu, birmənalı şəkildə Türkiyəyə gedən tələbələrin sayına öz təsirini göstərməyəcək. Çünki bu sığortalanmayıb ki, hansısa ölkədə olacaq və yaxud da olmayacaq. Biri var hansısa bir səhlənkarlıq nəticəsində baş versin, bu isə təbii fəlakətdir və heç bir ölkə bundan sığortalanmayıb. İnanmıram ki, bu, birmənalı şəkildə Türkiyə universitetlərinə öz təsirini göstərsin. Əksinə, bundan sonra Türkiyə daha yaxşı binalar tikəcək, daha yaxşı yataqxanalar tikiləcək və bu da bütün hallarda daha yaxşı təhlükəsizliyə zəmanət verir. Yenə deyirəm, təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb və bu, tələbə sayına birmənalı şəkildə təsir göstərməyəcək”.

Həmidə İbrahimova