Paytaxt məktəblərində zəlzələ zamanı davranış qaydaları öyrədilirmi? - RƏSMİ AÇIQLAMA

 15:57 17.02.2023     612

Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələlərdə ölkənin 10 vilayətində 7 minə yaxın binanın dağılması və bunun nəticəsində son məlumatlara görə 38 mindən çox insanın həlak olması, 105 mindən çox insanın xəsarət alması ölkəmizdə də üzüntü ilə qarşılandı.

Qeyd edək ki, ani təbiət hadisəsi olan zəlzələ zamanı ehtiyatsız davranmaq, streslənmək, qaçmaq ölümlə belə nəticələnə bilir. Bunun üçün mütəmadi olaraq cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Xüsusilə də məktəblərdə uşaqlar üçün bu mövzuda məlumatlandırıcı tədbirlər həyata keçirilməlidir.

Bəs, məktəblərimizdə necə, şagirdlər üçün maarifləndirmə işləri aparılırmı?

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Redaktor.az-a bildirildi ki, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllim-şagird heyətinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilməsi, fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları, bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində davamlı tədbirlər keçirilir:

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.

Maarifləndirmə tədbirlərində məktəblilərə fövqəladə hallar zamanı (zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu,  yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal qəzalar və s.) müvafiq qurumların həyata keçirdiyi təcili əməliyyatlar haqqında geniş məlumat verilir, şagirdləri maraqlandıran suallar cavablandırılır.

Tədbirlərdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, 112 “Qaynar xətt” xidməti, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilir, müvafiq videoçarxlar nümayiş olunur”.

İdarədən o da qeyd olundu ki, hər il Elm və Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq-yaradıcılıq müsabiqəsi keçirilir:

“Müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

Eyni zamanda, tədris ili ərzində ümumi təhsil məktəblərində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlimlər, “Açıq dərs”lər də təşkil olunur”.

Həmidə İbrahimova