"Narazılıqlar görməməzlikdən gəlinməməlidir" - Ceyhun Məmmədov

 11:26 21.02.2023     1413

Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var. Son illər yüzlərlə məktəb həm dövlət büdcəsi vəsaiti hesabına, həm də Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir və bərpa olunub, yeni STEAM, uşaq-yaradıcılıq mərkəzləri yaradılıb. Təhsilimizin inkişafı üçün dövlət mümkün olan hər şeyi edir.

Onu da qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində təhsilə heç zaman bu qədər vəsait ayrılmayıb. Əvvəlki dövrlə müqayisədə Elm və Təhsil Nazirliyinin imkanları daha da genişlənib. Bu qurumun nəzdində bir neçə yeni agentlik və fond yaradılıb. Ancaq bütün bunlarla yanaşı təhsilimizin məzmun və keyfiyyətində hansısa ciddi dəyişiklik müşahidə olunmur.

Artıq bir neçə dəfədir Azərbaycan məktəblərində direktor təyinatlarına etirazları baş verməsi barədə mətbuatda yazılar gedir. Dünən eyni hadisə Zaqatalada da baş verdi.  Əvvəlki müsahibələrimdə də qeyd etmişdim, bu gün məktəb direktorlarının təyinatında ciddi problemlər var. Bir sıra hallarda təyinat düzgün və uğurlu aparılmır. Direktorların bilikləri, kollektivlə işləmək bacarığı düzgün qiymətləndirilmir. Bir sıra hallarda tanışlıq və neqativ hallar ciddi rol oynayır.

Prosesin təhlili göstərir ki, bu gün Azərbaycan təhsili özünün ciddi durğunluq dövrünü yaşayır. Orta məktəb müəllimlərində ciddi ruh düşkünlüyü var. Maaşlar o qədər də yüksək deyil. Bir sıra hallarda müəllimlər məktəb direktorları tərəfindən təhqirlərə və şantaja məruz qalırlar. Biz bu cür yanaşma ilə təhsilimizi inkişaf etdirə bilməyəcəyik.

Bu birmənalıdır ki, hər bir dövlətin güclü olması və inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Onu da qeyd edim ki, qarşı düşmən tərəf təhsilə xüsusi önəm verir. İldən ilə özünün nailiyyətlərini daha da artırır. Bu prosesdə erməni diasporunun da böyük qatqısı var. 

Sonda onu da qeyd edim ki, bu tənqidləri qulaq ardına vuraraq, ancaq qarşı tərəfi günahlandıraraq biz heç nəyə nail ola bilməyəcəyik. Təhsilimiz daha ağır duruma düşəcək. Bu məsələ hər birimizi narahat etməlidir. Bizim hər birimizin ən böyük arzusu təhsilimizin daha da inkişaf etməsidir. Çünki gələcəyimiz bu məsələdən bilavasitə asılıdır.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı