"Zaqatalada məktəbdə baş verənlər təşkil olunmuş aksiyaya oxşayır" - Vüsalə Ağabəyli
Xəbər verdiyimiz kimi, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilib.
Məlumata görə, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb.
Məsələ ilə bağlı Redaktor.az-a danışan filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, Zaqatalada baş verənlər təşkil olunmuş bir aksiyaya oxşayır.
"Məsələ ilə tam yaxından tanış deyiləm. Lakin çox qısa bir müddətdə, heç direktorun fəaliyyətindən bircə həftə keçməmiş müəllimlərin, valideynlərin və şagirdlərin toplu şəkildə onun idarəçiliyindən narazı olması mənə inandırıcı görünmür. Şənbə-bazarı da saymasaq, fevralın 17-də təyin olunan direktor 1 gündə hansı fəaliyyət göstərmiş ola bilər ki, bu boyda kütlə narazılıq etsin? Bu, sadəcə, təşkil olunmuş bir aksiyaya oxşayır. Çünki hal-hazırda məktəb direktorları da, direktor müavinləri də imtahan verib, müsahibədən keçib, sonra direktor kimi fəaliyyətə başlayır. Bu isə müsbət haldır, çünki müsahibə zamanı direktorluğa namizədlərə bir sıra situativ suallar verilir, onun yanaşması, psixoloji reaksiyası nəzərə alınır. Yəni, real olaraq, bu proses belə olmalıdır. Təbii ki, bir yerdə insan faktoru aparıcı rol oynayırsa, seçimlərə müdaxilə etmək şansı varsa, çox təəssüf ki, müxtəlif maxinasiyalara da yol verilə bilir. Lakin yenə də, məsələni konkretləşdirib sırf Zaqatalada 3 nömrəli məktəbdə təşkil olunan aksiyadan danışırıqsa, bu, kənardan fərqli marağı olan qüvvələrin yeni təyinata qarşı təbliğ və təşkil etdiyi aksiya kimi görünür", - deyə o, vurğuladı.
V.Ağabəyli hesab edir ki, istənilən halda isə, Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti və təhsil söbəsi nümayəndələri məktəbdə araşdırma aparmalı, tərəflər dinlənilməli, problem aradan qaldırmalı və tədris prosesi bərpa olunmalıdır.
Həmidə İbrahimli