Məşhur məktəbin direktoruna şiddətli töhmət VERİLDİ

 14:32 22.02.2023     4535

Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İdarədən APA-ya bildirilib. Qeyd edilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.

Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edilib ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, 49 nömrəli “İntellekt” məktəb-liseyin direktoru Təhminə Əsədovadır. 

Onu da qeyd edək ki, "Bizim Cəbiş müəllim" filmi 49 saylı məktəbdə çəkilib.