DİM imtahan sualları ilə bağlı şikayətlərə CAVAB VERDİ

 14:45 24.02.2023     1588

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin elmi- statistik təhlilinin nəticələri açıqlanıb.

Bu barədə Redaktor.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

İmtahan suallarının çətin olması ilə bağlı iddialara aydınlıq gətirən DİM rəsmisi deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib.

"Dövlət İmtahan Mərkəzi magistraturaya ən layiqli bakalavrların qəbulu üçün müasir qiymətləndirmə üsullarının tətbiqinə yönəlmiş tədbirlər həyata keçirir. Qəbul imtahanı özlüyündə seçmə və yerləşdirmə məqsədi ilə həyata keçirilir. Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik minlərlə bakalavr iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və bakalavrlar arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı bakalavrlar deyil, yaxşı hazırlıqlı bakalavrları da bir-birindən fərqləndirmək tələb olunur.  İmtahanlar başa çatdıqdan sonra test tapşırıqlarının cavablarının elmi-statistik təhlili göstərir ki, bu imtahanlarda istifadə edilən asan, orta və çətin test tapşırıqlarının sayı imtahanın nəzərdə tutulan spesifikasiyasına uyğundur",- o deyib.

X.Xanlarzadə test tapşırıqlarının çətinlik səviyyəsinin "Magistr " jurnalında verilən imtahan modelinə uyğun olduğunu vurğulayıb:

"Təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun deyil,  mövcud imtahan modeli bakalavrlar arasında seçim aparmağa və normal müsabiqə mühiti yaratmağa imkan verir. İngilis dili üzrə cavabların statistik təhlili də göstərir ki, bu il test tapşırıqlarının çətinliyi “Magistr” jurnalının 2-ci nömrəsində verilən imtahan modelinə tam uyğun olub".