İmtahan öncəsi stressin azalması üçün nə etmək lazımdır?

 17:18 01.03.2023     1000

Məlum olduğu kimi, 2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart tarixlərində keçiriləcək.

İmtahan öncəsi adətən bir çox abituriyentlərdə stress yaranır. Bəzən elə bu səbəbdən abituriyent imtahanda uğur qazana bilmir.

Bəs, imtahan öncəsi stressin azalması üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, əslində, imtahandan öncə stressin yaranması təbii haldır. 

"Lakin son dövrlərdə, müşahidə edirik ki, yeniyetmələrdə yalnız imtahanla bağlı deyil, ümumi gərginlik daha da artıb. Bu da müxtəlif səbəblərdən qaynaqlanır, texnoloji vasitələr, sosial problemlər və s. Ümumiyyətlə, abituriyentlərin hazırki təşvişi ilə bağlı məktəb psixoloqları daha çox işləməlidir. Bunun üçün, xüsusi testlər, proqramlar mövcuddur. Əlavə olaraq, valideynlərlə görüşlər təşkil edilməlidir. Bəzən valideynin basqısı və ya məktəbdaxili şəxsiyyəti dəyərsizləşdirmə depressiyaya və ən pisi isə intihar hallarına gətirib çıxara bilir. Valideynlərlə görüş zamanı abituriyentlərin motivasiya olunması, imtahanın vacib, lakin həyati əhəmiyyətli bir proses olmadığını təbliğ etmək bu mərhələ üçün faydalı addımlardan hesab edilə bilər",- deyə o, qeyd etdi.

Psixoloq Nərgiz Süleymanlı isə bildirdi ki, o, hal-hazırda bu cür abituriyentlərlə işləyir:

"Bizim qrup terapiyalarımız, fərdi görüşlərimiz olur. Əslində psixoloq uşaqlarla terapiyalara, metodikalara birinci valideyndən başlayır. Yəni əgər biz yeniyetmələrdə imtahan stressi ilə bağlı iş ediriksə, birinci işimiz valideyndən başlamaqdır. Uşaqdan qabaq biz valideynini görməliyik və valideynə uşağın hiss etdiklərini, uşağın olduğu durumu bir növ mütəxəssis dilindən eşitdiririk. Biz uşağın yaşadığı stressin onun bədənində və psixologiyasına verdiyi təsirlərdən valideynlərə bəhs edirik ki, valideyn bu zaman vəziyyəti artıq öz aspektindən deyil, uşağın aspektindən görməyə başlayır. Valideynlər maarifləndirilməlidir. Uşaqlarda stressin qarşısını almaq üçün ən möhtəşəm vasitə valideynlərə toxunmaqdır, hər şeydən başqa onların uşaqların gözündən bu məsələni anlamaqları və buna uyğun uşaqlarına bir yanaşma qoymaqlarıdır. Bəzən valideynlər qorxurlar ki, "mən çox anlayışlı olaram, bu uşaq məsuliyyətsiz olar". Onsuz ki, hər bir valideyn öz övladını çox yaxşı tanıyır və buna uyğun da öz davranışlarını düzgün seçməlidir. Amma bəzən valideynlər övladını çox yaxşı tanıya-tanıya, özünün də atdığı travmalarının təsirlərinin qarşısını kəsə bilmir. Deyir ki, mən oxuyarkən filan-filan şeylər var idi, mən filan travmalar almışam, mən istəmirəm ki, mənim qızım və yaxud oğlum da bu yolu keçsin və burda uğursuz olsun".

Psixoloqun sözlərinə görə, valideyn başa düşməlidir ki, hər bir uşaq fərdidir, o, valideyninin prototipi deyil.

"Yəni o uşağın özünəməxsus xüsusiyyətləri var, özünəməxsus bir həyat keçirir. Ona görə də valideyn öz keçmişi ilə onu eyniləşdirməməlidir. Əgər bir keçmişi biz bura qatırıqsa, mütləq dərəcədə o keçmişdəki yaşantılardan dərs alaraq bunu bir qatqı formasında uşağa keçirmək daha faydalı olar, nəinki onlara daha da ağır stres ötürmək. İmtahandakı o üç saat onun həyatının deyil, biliyinin göstəricisi olmalıdır. Heç o da təbii ki, doğru bir yanaşma deyil. Valideyn deməlidir ki, "sənin əsas göstərdiyin zəhməti qiymətləndirirəm. Mən görürəm ki, sən əlindən gələni edirsən. Əgər alınmasa belə, bu dəhşətli bir şey deyil. Biz başqa bir yollara baxmalıyıq, amma mütləq ki, sən mənə dəstək olmalısan. Mən burda təkbaşınayam. Bax, mən sənə valideyn olaraq addımlayıram, sən də mənə doğru addımla, sən də əlindən gələni et. Vaxtını daha boş-boş keçirməyə deyil də, mənim sənə göstərdiyim bu tolerantlığa uyğun sənin zəhmətini görüm". Yəni burada bu proses mütləq qarşılıqlı olmalıdır" - deyə N.Süleymanlı bildirdi.

Həmidə İbrahimli