Sertifikasiyada iştirak edəcək müəllimlərə VACİB XƏBƏR

 16:45 02.03.2023     2133

“Müəllimlərin işə qəbulu imtahanında olduğu kimi sertifikasiya imtahanında da Azərbaycan dili və ədəbiyyat fənni üzrə əsas 4 məzmun sahəsi üzrə təhsilverənlərin biliyi yoxlanılacaq”.

Redaktor.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O bildirib ki, bura oxu, yazı, dil qaydaları və ədəbiyyat və həyat həqiqərləri məzmun sahəsi aiddir: “Bu məzmun sahələri də müəllimlərə tanışdır, çünki məktəblərdə onsuzda şagirdlərə məhz bunları öyrədirlər. Sertifikasiya imtahanlarının 50 sualı da məhz bu məzmun sahələri arasında bölüşdürüləcək”.

Qeyd edək ki, builki sertifikasiya imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər də iştirak edə biləcəklər.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli isə bildirib ki, növbəti həftədən isə yerli təhsili idarəetmə orqanları tərəfindən sertifikasiyada iştirak etməli olan müəllimlərin adlarının sistemə daxil edilməsinə başlanılacaq.

Onun sözlərinə görə, qaydalarda sertifikasiyada iştirak etmək üçün könüllü müraciət etmək nəzərdə tutulmayıb.